Kloze: "Braziliya ilə oyunu unutmalıyıq"
Almaniya millisinin hücumçusu Miroslav Kloze "DÇ-2014"ün finalında qarşılaşacaqları Argentina ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.

FİFA-nın rəsmi saytına danışan təcrübəli futbolçu hazırda bütün diqqətini final matçına yönəltdiyini bildirib:

"Braziliya ilə oyundan böyük zövq aldıq. Ancaq 24 saat sonra buna son qoyduq. Artıq bu matçı unutmalıyıq. Növbəti görüşdə də ən yaxşı oyunumuzu nümayiş etdirməliyik. Finalda uduzmaq çox qorxunc hissdir, buna görə də artıq kuboku qazanmaq vaxtıdır. Qırdığım rekorda gəlincə bu, mənim üçün böyük emosional hadisədir. Ancaq məni tanıyan hər kəs bilir ki, hazırda yüz faiz bütün diqqətimi Argentina ilə oyuna yönəltmişəm. Əgər finalda uduzsaq, sevincim kədərə çevriləcək".

Qeyd edək ki, Almaniya - Argentina oyunu iyulun 13-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 809 dəfə oxundu.