Güləşçilərimiz ilin ilk 6 ayında 229 medal qazanıb
Azərbaycan güləşçiləri dünya arenalarında uğurlu çıxışlarını davam etdirirlər. Ölkəmizi layiqincə təmsil edən pəhləvanlarımız planetin müxtəlif ölkələrində bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Ötən ilin yekunlarına əsasən, iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda güləşçilərimiz ümumilikdə 92 qızıl, 71 gümüş və 135 bürünc medal qazanmışdılar.

Əlbəttə, Azərbaycan Güləş Federasiyası bu uğurlarla kifayətlənmək fikrində deyildi. Qurumun rəhbərliyi ötən ilin yekunlarına həsr olunan görüşdə idmançılara yeni mövsümdə daha böyük uğurlar qazanmaq tapşırığı vermişdi. Qarşıdan gələn 2014-cü il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ili olduğu əvvəlcədən məlum idi.

Güləş qaydalarında və çəki dərəcələrində edilən son dəyişikliklərə uyğun hazırlaşmaq və qazanılan nailiyyətləri daha da artırmaq bütün növ güləş komandalarımızın qarşısındakı ən əsas məqsəd idi. Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına imkan verir.

Pəhləvanlarımızın 2014-cü ilin ilk 6 ayı ərzində qazandıqları uğurlara fikir versək, bu ilin həqiqətən də güləş tariximizdə yeni səhifə açacağını əvvəlcədən söyləmək olar. Yanvarın 1-dən iyul ayının 1-nə qədər olan müddətdə güləşçilərimiz ümumilikdə 229 medal qazanıblar. Bunların 47-si böyüklərdən, qalanı isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür.

Qazanılan medalların 80-nin əyarı qızıl, 59-u gümüş, 90-ı isə bürünc medallardır. Əlbəttə, qarşıda ilin hələ 6 ayının olduğunu da nəzərə alsaq, orta hesablamalara görə, idmançılarımızın qazanacaqları mümkün medalların sayı ötənilki göstəriciləri geridə qoymalıdır. Bir sözlə, 2014-cü ildə uğurların sayının daha çox olacağı gözlənilir.

Yeri gəlmişkən, bu ilin may ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarında Azərbaycan milli komandası güləş tariximizdə yeni səhifə yazmağı bacardı. Güləşçilərimiz tarixdə ilk dəfə Dünya Kuboku yarışlarında 3-cü yeri tutaraq, bürünc medala sahib oldular. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparırdı. Qrupun ikinci görüşündə Ermənistan komandası ilə yarışan təmsilçilərimizin hamısı rəqiblərini tam üstünlüklə məğlub edib və görüş komandamızın 8:0 hesablı darmadağını ilə başa çatmışdı.

Əlbəttə, Azərbaycan idmançılarının xaricdə uğurlu çıxış etməsi digər ölkələrin də diqqətini cəlb etməkdədir. Əgər xarici mətbuatda dərc olunan məqalələrə, mütəxəssis fikirlərinə nəzər salsaq görürük ki, artıq digər ölkələr Azərbaycan güləşçilərinin dünyanın ən güclüləri arasında yer aldığını qəbul ediblər. Qazanılan bu nailiyyətlərin əsasını isə, əlbəttə ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı təşkil edir. Məhz bu cür yüksək diqqətdən bəhrələnən güləşçilərimiz istənilən yarışda rəqiblərinə qarşı xüsusi motivasiya ilə mübarizə aparır və uğur qazanırlar.

Xəbər 1451 dəfə oxundu.