Paralimpiyaçılarımızdan 3 qızıl, 2 gümüş və 3 bürünc medal

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində paralimpiyaçılar arasında keçirilən Dünya Oyunlarına yekun vurulub. Yarışa 8 nəfərlik heyətlə yollanan Azərbaycan atletika üzrə (amputant idmançılar arasında) yığması vətənə eyni sayda – 3 qızıl, 2 gümüş və 3 bürünc medalla qayıdıb. London Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə həmyerlilərimizdən Samir Nəbiyev (disk atma, 42,66 m), Oloxan Musayev (nüvəitələmə, 12,08 m) və Allahverdi Allahverdiyev (nizəatma, 32.75 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Pekin Paralimpiyadasının qalibi Musayev, həmçinin diskatmada da komandamıza medal qazandırıb. O, 38 m 56 sm nəticə ilə ikinci yerə layiq görülüb. Yığmamızın digər gümüş medalı Vüqar Adışirinovun (üçtəkanla tullanma, 13.0 m) aktivindədir.
Atletlərimizdən Hüseyn Həsənov (uzununa tullanma, 6.26 m məsafə) və Mehman Ramazanzadə (2 növdə - diskatma, 33,70 m və nüvəitələmə, 10,60 m) üçüncü yerləri tutublar.

Xəbər 1287 dəfə oxundu.