“Xəzər Lənkəran” ev oyunlarının canlı yayımını dayandırıb

“Xəzər Lənkəran” cari mövsümdə ev oyunlarının canlı yayımını dayandırıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Cənub təmsilçisi ev oyunlarının canlı yayımını cari mövsümdə bərpa etsə də, Lənkərandakı son 2 matç - “Rəvan”la heç-heçə (1:1) və “İnter”ə uduzduğu (0:1) qarşılaşma ekranla çıxmadı.
T.Nadirov bildirib ki, ev oyunlarının göstərilməməyi barədə klub rəhbərliyi qərar verib: “Bu onunla bağlıdır ki, matç televiziyada göstəriləndə, stadiona çox az adam gəlir. Əvvəllər bu say 10 mindən çox idisə, son vaxtlar 2-3 minə düşüb. Halbuki, adi oyunlarda stadiona 8-10 min azarkeş gəlirdi. Derbi matçlarda isə rəqəm 15 minə yaxın idi. Ancaq canlı yayım olandan sonra say demək olar 10 dəfəyə kimi aşağı düşdü. Təbii ki, bu da bizi razı sala bilməzdi. Yayım olmayandan sonra azarkeş sayının artımı ilə bağlı tədricən effekt olur”.
Vitse-prezident vurğulayıb ki, azarkeşləri stadionda gözləyirlər: “Oyun televiziyada göstəriləndən sonra bəzi azarkeşlərimiz stadiona gəlməyə tənbəllik edirlər. Görüşə evdə, isti yerdə televiziya qarşısında baxmağı üstün tuturlar. Azarkeşlər də bizi başa düşməlidirlər. Başqa dövlətlərdə yaşayan həmyerlilərimiz ev oyunlarımıza baxmaq üçün canlı yayımın olmağını istəyirlər. Yaxında matçlarımızın internetlə göstərilməyi təşkil olunacaq ki, bununla ev oyunlarımızı başqa şəhərlərdən izləyə bilsinlər”.

Xəbər 1127 dəfə oxundu.