Sadıq Sadıqov: “Qışda komandanı 1 futbolçu ilə gücləndirəcəyik”
“Neftçi” qış fasiləsində heyətlə bağlı böyük islahatlar aparmayacaq. Bu barədə açıqlamanı klubun prezidenti Sadıq Sadıqov verib. O bildirib ki, qış “transfer pəncərəsi” dövründə 1 futbolçu almağı planlaşdırırlar: “Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə Bakıdakı oyunun əvvəlində ağır zədələnən braziliyalı yarımmüdafiəçi Rodriqinyonun çıxış etdiyi yarımmüdafiənin mərkəzində boşluğu aradan qaldırmaq fikrindəyik. Bildiyiniz kimi, Rodriqinyo zədə nəticəsində cari mövsümdə oynamayıb. Həmin mövqeyə futbolçu axtarırıq. Rodriqinyo bu ayın 10-da Bakıya gəlir. Həmin vaxt onun durumu tam öyrəniləcək. Onda biləcəyik ki, braziliyalı futbolçu “altılıq”da bizə kömək edə biləcək, ya yox. Bundan sonra həmin mövqeyə futbolçu gətirmək haqda fikirləşəcəyik”.
Sadıqov bildirib ki, səs-küylü transfer etmək fikirləri yoxdur: “Elə başa düşürəm ki, qışda 1 transferlə kifayətlənəcəyik. Komandanın özəyi var, gənc futbolçuları çoxdur. Onlara oynamaq üçün şans vermək lazımdır. Biz şans verməsək, kim verəcək? “Neftçi”yə layiqli legioner olsa, onun transferini reallaşdıracağıq”.

Xəbər 1191 dəfə oxundu.