Moldova millisinin qapıçısı AZAL-da
AZAL klubu növbəti transferini rəsmiləşdirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Moldova yığmasının da əsas qapıçısı olan Stanislav Namaşko ilə anlaşıb.

27 yaşlı qolkiper 2 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Tiraspolda doğulan Namaşkonun ölkəsindəki karyerası məhz bu şəhərin təmsilçiləri ilə bağlıdır. Stanislavın vaxtilə şərəfini qoruduğu "Tiraspol", "Şerif" və 2014-cü ilin fevralından mövsümün sonuna qədər çıxış etdiyi "Dinamo-Avto" klubları məhz Tiraspolu təmsil edir. Namaşko Rusiyada legioner həyatı da yaşayıb. O, "Kuban", Nalçik "Spartak"ı və Həştərxan "Volqar"ında oynayıb.

Kifayət qədər təcrübəyə sahib qolkiperin Moldovanın U-19 və U-21 yığmalarında çıxış etdikdən sonra 2007-ci ildən əsas millinin şərəfini qoruması da xüsusi vurğulanmalıdır. O, Moldovanın A millisində 40 oyuna çıxıb. Namaşko həm də 2011-ci ilin martında İsveç yığmasının superulduzu Zlatan İbrahimoviçin penalti zərbəsini dəf etməklə daha da məşhurluq qazanıb.

Xəbər 754 dəfə oxundu.