Arzulara sədd yoxdur
Fəridə taekvondo haqqında ilk dəfə atasından eşitmişdi. Şıxəmməd özü futbolçu olub, Qusarın “Şahdağ” komandasının qapısını qoruyub. Sonradan ölkəmizdə Şərq əlbəyaxa döyüş növlərinə maraq artmağa başladıqda, o da bu cazibədən kənar qalmayıb. Artıq özünün idmanla məşğul olmaq vaxtı deyildi, indi meydan oğlu Şahinin idi.

Şahin bir müddət karate ilə məşğul oldu. Amma karyerasını axıra çatdıra bilmədi, yolun yarısından qayıtdı.
Azərbaycanda daha bir Şərq döyüş növü taekvondonun inkişaf etməyə başlaması Şıxəmmədin diqqətindən kənarda qalmadı. Buna səbəb həm də o idi ki, Qusarda bu idman növünü yayan, təbliğ edən Kamran Qəribovu yaxından tanıyırdı. Taekvondo, onun fəlsəfəsi barədə söhbətlərini çox dinləmişdi. Sonradan özü də taekvondo ilə onun tarixinə, müxtəlif səviyyələrdə keçirilən yarışlardan xəbərlərə diqqəti daha da artırdı.

Kamran müəllimdən öyrəndiklərini evdə 7 yaşlı Fəridəyə danışanda, qızcığazın onu diqqətlə dinlədiyini görən ata bir gün ondan “Sən də taekvondoçu olmaq istərsənmi?” soruşdu. Gözlənilməz suala dərhal cavab tapa bilməyən Fəridə çiyinlərini çəkib, qeyri-müəyyən cavab verdi. “Gedək mənim məşqçi dostumun yanına, görək onun fikri nə olacaq?” - Atanın son qərarı belə oldu.

5 oktyabr 2003-cü il. Bu tarixi Fəridə Əzizova, yəqin ki, heç vaxt unutmayacaq. Həmin gün onun idman karyerasının başlanğıcı, atası ilə taekvondo zalına ilk dəfə qədəm qoyduğu gün idi.
F.Əzizova, demək olar ki, hər gün məşqlərə gəlirdi. İlk günlər məşqçi ona ancaq yaşına uyğun fiziki hazırıq təmrinləri tapşırırdı. Dayanq üzərinə çıxmaq vaxtı yetişəndə Kamran müəllim başa düşdü ki, bu qızla ciddi məşğul olmağa dəyər.

Məşqlərə başladığı 3 ay idi. Bir gün məşqçi dedi ki, Bakıya yarışa, yeniyetmələr arasında ölkə birinciliynə gedəcəyik.
İlk rəsmi yarışdan Fəridə mükafatla qayıtdı. Bürünc olsa da, ilk medalın sevinci onu qanadlandırdı. İki il sonra yenə də həmin yarışdan medalla, amma bu dəfə artıq “qızıl”la gəldi. Bundan sonra onu yığma komandaya dəvət etdilər. Çox çəkmədi, Bakıya, təlim - məşq toplanışlarına çağırıldı. Yeniyetmələrdən ibarət yığma 2005-ci ildə Budapeştdə keçirilən Avropa birinciliyinə hazırlaşmalı idi. Budapeştdə, ilk beynəlxalq yarışda F.Əzizova fəxri kürsünün 3-cü piləsinə qalxdı. 2008-ci ildə İzmirdə dünya çempionatında da eyni nəticəni göstərən Fəridə, həmin il İsveçrədən və 2009-cu ildə Zaqrebdən - qitə çempionatlarından mükafatlarla qayıtdı.

F.Əzizovanın idman taleyində əlamətdar illərdən biri də 2011-ci il oldu. 16 yaşlı idmançı London olimpiadasına ikinci, qadınlar arasında isə ilk lisenziyamızı qazandı. İndiyə kimi heç bir idmançımız bu yaşda lisenziyaçı olmayıb. Fəridə, yəqin ki, London olimipadasının ən gənc iştirakçısı olacaq.

Fəridənin lisenziya arzusu Bakıda keçirilən beynəlxalq turnirdə reallaşdı. Turnirin finalçısı olan idmançımız qızıl medal uğrunda mübarizədə taekvondonun vətəni Koreya təmsilçisinə məğlub oldu. Amma əsas məsələ medal deyil, lisenziya idi ki, o da artıq həll edilmişdi. İndi London hazırlığına başlaya bilərdi. Deməli, daha gərgin məşqlər, daha ağır tapşırıqlar dövrü gəlirdi. Elə bu günlərdə Kiprdən, Avropa çempionatından qayıdan idmançı ertəsi gün Ukraynaya, beynəlxalq turnirə yola düşdü. Amma həyat təkcə idmandan ibarət deyil, axı. O, həm də tələbədir, tələbəliyin də öz qayğıları, problemləri var. İdmanda qazanılan uğurlar təhsili ikinci plana keçirə bilməz.
Quba Dövlət Sosial-İqtisadi Kollecinin müəllimləri tələbə Fəridə Əzizovanın idmandakı uğurları ilə fəxr etdikləri kimi, həm də onu yaxşı bir mütəxəssis kimi görmək istəyirlər. Fəridə kollecin bədən tərbiyəsi və idman bölməsində təhsil alır. Vaxt gələcək, o özü ölkəmiz üçün yüksək səviyyəli idmançılar yetişdirəcək. Bunu bacarmaq, bu vəzifənin öhdəsindən gəlmək üçün isə bu gün həm məşqçilərinin, həm də kollec müəllimlərinin zəhmətini yerə vurmamalıdır.

İdmanda proqnoz vermək riskli işdir. Amma arzuların sərhədi olmur, hədd-ölçü tanımır arzular. Göydən əl uzadıb, ulduz qoparmağı arzulamaq olarsa, 17 yaşlı qızcığazın olimpiadadan medalla qayıtmasını niyə ürəyimizdən keçirməyək!

Xəbər 3517 dəfə oxundu.