Tərlan Əhmədov: “İndidən qələbənin təməli qoyulmalıdır”
“Rəqib tələbələrdən ibarət yığma komanda olsa da, bu gün çox gözəl oyun nümayiş etdirdilər. Belə oyunlara elə də önəm vermirəm. Sadəcə, komandanın fiziki durumunun hansı vəziyyətdə olması məni maraqlandırırdı".

Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov komandasının yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

“Hər iki hissədə fərqli heyəti meydana çıxardım. İxtiyarımda olan 24 futbolçunun hamısından yararlandım. Komandanın qələbə qazanıb-qazanmaması elə də ciddi önəm daşımırdı. Ancaq hər halda meydana qələbə üçün çıxırıq. Çünki indidən qələbənin təməli qoyulmalıdır. Qələbə qazanmağımıza baxmayaraq, hələ də çatışmazlıqlarımız var. Bundan sonra bunun üzərində çalışacağıq. Qarşıda hələ görüləsi işimiz çoxdur” - deyə o qeyd edib.

Xatırladaq ki, AZAL tələbələrdən ibarət yığma komanda ilə yoxlama oyunu keçirib və 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 762 dəfə oxundu.