Pərviz Abdullayev: «Nokaut özü gələcəkdi»
«İlk azərbaycanlı idmançı olaraq ən yüksək reytinqli yarışlarda iştirak huququ qazandığım üçün, özümü çox xoşbəxt sayıram»

«Deməzdim rəqib cəld idi. Sadəcə, gözləmədiyim qədər dözümlü, bərk idi. Amma yüksək səviyyədə hazırlığım sonda öz bəhrəsini verdi». Bunu idman.com.az saytına açıqlamasında, bu gün Qəbələ Olimpiya İdman Kompleksində keçirilmiş «Glory Ranked Fights» şou-gecəsində çinli Jiao Fukaiyə qalib gəlmiş kikboksçu Pərviz Abdullayev dedi.

Təcrübəli rinq ustası bildirdi ki, nokaut özü gələcəkdi. Çünki rəqib hündürboylu olduğundan, onunla «aşağıdan» döyüşmək məcburiyyətində qalıb. Sitat:

«İlk raundda tempi çinli idmançıya verdim. Bu düşünülmüş addım idi. Siz özünüz də gördünüz ki, rəqib növbəti hissədə yorulmuşdu. Belədə, ciyər nayihəsinə dəyən zərbə onu nakautluq etdi və o, yerindən qalxa bilmədi».

P.Abdullayev onu da əlavə etdi ki, qələbə onu ilk Azərbaycan idmançısı kimi kikboksda ən reytinqli seriyaya, «Glory»yə çıxarıb. Sonrakı hədəfi, güclülərin mübarizəsində bacardıqca çox xal toplamaqdır:

«Bu, 36-cı qarşılaşmam idi. Bunlardan 33-nü qələbə ilə bitirmişəm. 9 döyüş nokautla nəticələnib. İlk azərbaycanlı idmançı olaraq ən yüksək reytinqli yarışlarda iştirak huququ qazandığım üçün, özümü çox xoşbəxt sayıram. İnşallah, «Glory»də də uğurlarımın davamını gətirib, yeni titullar qazanmağa çalışacağam».

Kamran HACI

Xəbər 1137 dəfə oxundu.