Ən güclü sprinterlər Samuxda müəyyənləşdi
Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, ölkəmizin ən güclü velosipedçilərinin müəyyənləşdiyi yarışın 2-ci günü də Samux rayonunda baş tutub.

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparır.

Yarışın proqramına əsasən, bu gün 17 yaşadək velosipedçilər qrup şəklində start götürməklə 70 km məsafə qət ediblər. Kifayət qədər gərgin mübarizə şəraitində keçən yürüş zamanı pelotonda olan idmançılardan heç biri aşkar üstünlüyə malik olmayıb. Finişə az qalmış isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbinin təmsilçisi Mikayıl Səfərli öz sprinter bacarığını nümayiş etdirərək irəli atılıb və Azərbaycan çempionu adını qazanıb - 2 saat, 3 dəqiqə, 10 saniyə. Onun komanda yoldaşı Maksim Napyerstkov 2 saniyə geri qalmaqla 2-ci olub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Bakir Dadaşov isə çempiona 3 saniyə uduzmaqla 3-cü yeri tutub.

Qaliblər Samux rayonunda Heydər Əliyev Mərkəzinin yerləşdiyi parkda təltif ediliblər. Sabah ölkə çempionatının sonuncu günü Elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər olan 120 km məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq.

Xəbər 975 dəfə oxundu.