Sabah «Qəbələ Fight Series» başlayır
Sabah Qəbələ Olimpiya İdman Kompleksində növbəti möhtəşəm idman tədbiri keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Naziriliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə olaraq kikboksinq üzrə reytinq xarakterli “Glory Ranked Fights” turnirinin döyüşləri baş tutacaq. Saat 17:00-da başlayacaq şou gecəsi “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.

Döyüşlər super ağır çəki dərəcəsində, dünyanın tanınmış idmançılarının, o cümlədən, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayevin iştirakı ilə keçiriləcək. Rinqə aşağıda qeyd olunmuş kikboksinq ustaları çıxacaq:

Erkan Varol (Türkiyə) – Albert Kraus (Niderland)
Camal Ben Saddiq (Mərakeş) – Hesdi Greges (Misir)
Lim Çi-Bin (Cənubi Koreya) – Mosab Əmrani (Mərakeş)
Jiao Fukai (Çin) – Pərviz Abdullayev (Azərbaycan)

Bundan əlavə, “Glory Ranked Fights” çərçivəsində yüngül çəki dərəcəsində də turnir keçiriləcək. Yarışda Ramal Aslanov, Telman Süleymanov, Rəhim Əliyev (hər üçü - Azərbaycan)Tadas Yonkus (Litva), Roman Mayılov (Ukrayna), Yuri Kel (Almaniya), Mateuş Kopieç (Polşa), Teo Mikeliç (Xorvatiya), Guo Xianfenq (Çin) və Daniel Korbeanu (Rumıniya) qələbə uğrunda mübarizə aparacaqlar.

Bu gün sözü gedən tədbirlə bağlı «Qafqaz Sport» mehmanxanasında mətbuat konfransı təşkil olundu. Toplantıda çıxış edən “Qəbələ” İdman Klubunun marketinq və mətbuat departamentinin rəhbəri Səməd Nəsibov, yarışın əhəmiyyətindən danışdı. Dedi ki, “Glory Ranked Fights” kikboksda ən yüksək reytinqli versiyadır. Bu tip yarış ilkdir. Gələcəkdə Qəbələdə yeni möhtəşəm yarışlar təşkil olunacaq.

Turnirin baş meneceri Dennis Kraull «Qəbələ Fight Series»in səviyyəli tədbir olduğunu dedi. Bildirdi ki, “Glory Ranked Fights” dünyada tanınmış yarışdır. «Qəbələ» klubunda əməkdaşlıq etdik. Qərara gəldik ki, onların da idmançılarını «Glory»-yə cəlb edək, kikboksçuların səviyyəsini artıraq. Müxtəlif ölkələrdən rinq ustalarını bu döyüşlərə dəvət etdik. Onların sıransında gənclər də yer alıblar. Dünyaca tanınmış «Evrosport» telekanalı, Rusiya və Çinin TV-lərin diqqəti bizdədir. Mosab Əmrani reytirnqdə 1-cidir. O, buraya öz liderliyini qorumaq gəlib. Yerli idmançılardan Pərviz Abdullayevə diqqət böyük olacaq. O, «Glory»də ilk addımlarını artacaq.

Sabah şou-gecədə debüt edəcək Pərviz Abdullayev qələbə inamını gizləmədi: «Xeyli vaxtdır bu yarışa hazırlaşıram. Son bir ayın məşqlərini Niderlandda etmişəm. Rəqibin sürətli idmançıdır. Amma sabah güclü olduğumu sübut etməyə çalışacağam».

Kamran HACI, Qəbələ


Xəbər 1058 dəfə oxundu.