4-7 yaşlı uşaq atletlər hazırlanması layihə
Xüsusi Olimpiya Komitəsi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasını və cəmiyyətə adaptasiyasını həyata keçirmək, onları fiziki və mənəvi cəhətdən inkişaf etdirmək, idman vasitəsilə tam potensialına nail olmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. 2014-cü ilin ikinci rübü ərzində tennis və atletika üzrə 4-7 yaşlı uşaq atletlərin hazırlanması ilə bağlı layihə bu sıradadır. Uşaqları gələcəkdə xüsusi olimpiya proqramları üzrə regional və respublika yarışlarına hazırlamaq, onların bədən tərbiyəsi, idman vasitəsilə bərpası və sağlam cəmiyyətə inteqrasiyası layihənin əsas məqsədidir. Layihə çərçivəsində bu ilin aprel-iyun aylarında uşaqlar stolüstü tennis və atletika məşqlərinə cəlb olunublar. Məşqçi-müəllimlər Qulu Quliyev və Kamal Əhmədov kiçik yaşlı uşaqlarda bu idman növlərinə həvəs yaradıb, uşaqlar qısa müddət ərzində atletika və stolüstü tennisin sirlərinə yiyələniblər. Bakı şəhərinin Qaradağ, Nəsimi, Nizami, Xəzər və Sabunçu rayonlarının yardımçı xüüsusi məktəb və internatlarının, Azərbaycana Birgə Yardım Təşkilatının uşaq atletləri layihə çərçivəsində məşqlər və yarışlarda iştirak ediblər. Layihənin final mərhələsi “Şən startlar” devizi altında 1 - İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilib. Bununla bağlı stolüstü tennis və atletika yarışları keçirilib.
Növbəti layihələrdə regional proqramların da həyata keçirilməsi nəticəsində daha çox uşağın Xüsusi olimpiya hərəkatına cəlb olunması üçün tədbirlər nəzərdə tutulub.

Layihənin başa çatması ilə əlaqədar XOK-nın idarə heyətinin iclasında müzakirə aparılıb. Komitənin prezidenti Şahin Əliyev layihəni həyata keçirməklə uşaq atletlərin sayının 160-a çatdığını bildirib, kiçik yaşlı uşaqların gələcəkdə üzgüçülük və kiçik badminton yarışlarında da iştirakı üçün işlər görüləcəyini vurğulayıb. Qeyd edib ki, ehtiyat qüvvənin hazırlanması Xüsusi Yay Olimpiya Oyunlarıında komandamızın nailiyyətlərini daha da artıracaq. Şahin Əliyev, eyni zamanda, sentyabrın 9-dan 20-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarıında iştirak edəcək Azərbaycan idmançılarının hazırlığı ilə bağlı məlumat verib, qeyd edib ki, Belçikanın bir sıra şəhərləri, o cümlədən Lommel şəhəri 58 ölkədən 2000 idmançını və 1000 məşqçini qəbul edəcəkdir. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfər proqramına həsr olunmuş təqdimat mərasiminə ölkəmizdən idmançıların və onların ailə üzvlərinin Lommel şəhərində yerləşdirilməsi və nümayəndə heyəti üçün nəzərdə tutulmuş səyahət proqramı barədə ətraflı məlumat verilib.

Leyla Qurbanova

Xəbər 2580 dəfə oxundu.