Velosipedçilərimiz “Cottbuser SprinterCup”da uğurla çıxış etdilər
Bir neçə gün əvvəl Çexiyanın Brno şəhərində velosiped idmanının trek növü üzrə keçirilən “GP Sprint of South Moravia” kubokunda həm sprint, həm də keyrin yarışlarında qalib gələn yığma komandamızın velosipedçisi Olqa İsmayılova bu dəfə birinci kateqoriyalı “Cottbuser SprinterCup”da dünyanın ən güclü velosipedçiləri ilə mübarizə apararaq 500 metr məsafəyə sprint yarışında və keyrində ilk onluğa düşməyi bacarıb. Qeyd edək ki, Rusiya, Almaniya, Böyük Britaniya, Belçika, Fransa, Çin kimi ölkələrin əsas heyətlə qatıldığı yarışda olimpiya çempionu, almaniyalı Kristina Vogel, həmçinin son dünya çempionatının qalib və medalçıları da iştirak ediblər.

Trek üzrə yığma komandamızın gənc velosipedçisi Nicat Niftəliyev isə yeniyetmələr arasında 200 metr məsafəyə sprint yarışında uğurla çıxış edərək ümumi nəticədə 10-cu yeri tutub. Digər velosipedçimiz Sergey Omelçenkoya gəlincə, o keyrin üzrə yarışlarda 1/4 final mərhələsinədək irəliləyib və 58 velosipedçi arasında 17-ci olub.

Diqqət çəkən daha bir məqam son yarışlarda uğurla çıxış edən və heyəti Elmar İsmayılov, Nicat Niftəliyev və Maksim Buşmindən ibarət olan skretç üzrə kişilərdən ibarət yığma komandamızın bunun nəticəsi olaraq Dünya Kubokuna vəsiqə qazanmasıdır. Bir neçə mərhələdən ibarət olan Dünya Kuboku yarışları isə dünya çempionatında iştirak üçün tramplin rolunu oynayır.

Xəbər 1063 dəfə oxundu.