Qızlarımız Makedoniyaya qalib gəldi
17 yaşadək qızlardan ibarət yığmamız UEFA-nın Sarayevo şəhərində təşkil etdiyi mini İnkişaf turnirində II turun oyunları keçirilib. Millimiz Makedoniya yığması ilə görüşüb.

Qarşılaşma Siyasət Əsgərovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizdə Kristina Bakarandze 31 və 54-cü dəqiqələrdə fərqlənməklə dubl edib. Əslən Gürcüstandan olan Bakarandze bununla da turnirdə 3-cü qolunu vurub. Makedoniyanın yeganə qoluna isə 49-cu dəqiqədə Elena Petkovska imza atıb.

Turnirin digər görüşündə isə Bosniya və Herseqovina yığması Monteneqroya 2:0 hesabı ilə qalib gəlib. Ana Boyaniç və Meryema Mediç meydan sahiblərinə qələbə qazandıran qolları vurub. Bununla da millimiz turnir cədvəlində vahid lider olub. Komandamız sabah Monteneqro ilə görüşdə 1 xal qazansa belə, bu mini yarışın qalibi adını qazanacaq.

Qeyd edək ki, yığmamız ilk turda Bosniya və Herseqovinanı 4:0 hesabı ilə darmadağın etmişdi.

Xəbər 1972 dəfə oxundu.