Aparıcı avarçəkənlərimiz təlim-məşq toplantısına yollanır

2012-ci ildə keçiriləcək nüfuzlu yarışlara daha yaxşı hazırlıq məqsədi ilə Azərbaycan avarçəkənləri xaricdə təlim-məşq toplantılarına start verirlər. idman.com.az saytının məlumatına görə, ilk hazırlıq prosesi dekabrın 1-də Bolqarıstanın Belmeken bazasında start götürəcək. 3 həftəyədək davam edəcək toplanışa akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov, Boris Yotov, Nataliya Mustafayeva, İskra Angelova və Viktoriya Nençeva, eləcə də kanoe üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Valentin Demyanenko qatılacaqlar. Demyanenko şəxsi məşqçisi Anatoli Dudnikin rəhbərliyi ilə çalışacaq. Akademik avarçəkənlərimizin hazırlığına isə milli komandamızın baş məşqçisi Rudiger Hauffe ilə onun köməkçisi Yuliana Stoyeva nəzarət edəcək.
Qeyd edək ki, Belmeken bazası dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Burada avarçəkənlərimiz fiziki hazırlıq səviyyələrini, dözümlülüklərini daha da yüksəltmək məqsədilə intensiv məşqlər edəcəklər. Toplanışa yollananlardan Valentin Demyanenko, Aleksandr Aleksandrov və Nataliya Mustafayeva artıq London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Viktoriya Nençeva – İskra Angelova dueti də olimpiadaya vəsiqə qazanmağa iddialıdır. Onlar gələn il keçiriləcək olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlməyə çalışacaqlar. Cəmi 16 yaşa malik Boris Yotov isə istedadlı akademik avarçəkənlərimizdən sayılır. Yotov bu il 18 yaşadək akademik avarçəkənlər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Xəbər 1410 dəfə oxundu.