Qurbanov Cavanşir Kazım oğlu
Qurbanov Cavanşir Kazım oğlu 06 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1968-ci ildən idman sahəsində çalışır. 1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb.

1994-cü ildən Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. İşlədiyi dövr ərzində Respublikamızda güləşçilərin hazırlanmasında, onların yüksək nailiyyətlər əldə etməsində əməli və praktiki köməklik göstərib. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yünan-Roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub. 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı və Afina Yay Olimpiya Oyunlarında 5-ci nəticə göstərmiş Rüstəm Ağayevin şəxsi məşqçisidir. İdman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifidir. Keçmiş SSRİ-nin İdman Ustası, Ümumitttifaq dərəcəli hakim, beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisi, «Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi» adlarına layiq görülüb, Azərbaycan SSRİ «Xalq Maarifi Əlaçısı» nişanı ilə təltif edilib. Hazırda Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetinin bədən tərbiyəsi və idman kafedrasının müdiri, professordur.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 7552 dəfə oxundu.