“İqtisadçı” qələbə ilə başladı

Dünən qadın voleybolçular arasında CEV kuboku uğrunda yarış başlayıb. idman.com.az saytı xəbər verir ki, 1/16 final mərhələsindən başlayan yarışın ilk oyun günündə Bakının “İqtisadçı” klubu doğma divarlar arasında Rumıniyanın “Dinamo-Romprest” komandasını qəbul edib.
Super Liqaya qələbə ilə start verən “İqtisadçı”nın heyətini gücləndirməsi və artıq beynəlxalq təcrübəyə malik olmağı avrokubokda nəticəsini verib. Belə ki, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” ilə hər 2 görüşdə məğlubiyyət acısı yaşayan buxarestlilər Bakıda yenə eyni aqibəti yaşayıb. Gözlənildiyi kimi, evdə uduzmağı sevməyən Azərbaycan çempionatının bürünc mükafatçısı debüt etdiyi CEV kubokuna qələbə ilə başlayıb. Özü də “tələbələr” yarışın favoritlərindən hesab olunan “Dinamo-Romprest”ə asanlıqla, set vermədən qalib gəlib. Qələbəmizi rəsmiləşdirən son set rəqibin darmadağın olunması – 15 xallıq üstünlüyümüzlə yadda qalıb.
Qeyd edək ki, bu komandala arasında cavab görüşü dekabrın 7-də baş tutacaq. “İqtisadçı” Buxarestdə karpatların qonağı olacaq.

“İqtisadçı” – “Dinamo-Romprest” - 3:0 (25:16, 25:21, 25:10)
Hakimlər: İlhami Senyurt (Türkiyə), Pavel Enderson (Rusiya).

Xəbər 979 dəfə oxundu.