Parks və Flavinyu «ən yaxşı futbolçular»dır

Unibank Premyer Liqasında hər ayın «ən yaxşı futbolçusu»nu müəyyənləşdirən Peşəkar Futbol Liqası və Unibank qaliblərin növbəti mükafatlandırma mərasimini dekabrın əvvəlində keçirəcək. idman.com.az saytı xəbər verir ki, ayın ilk günlərindən ənənəvi keçirilən sorğunun birdən-birə 2 qalibi mükafatlandırılacaq. Təşkilatçılar oktyabr və noyabrın ən yaxşılarını eyni vaxtda təltif etməyi məqsədəuyğun sayıblar.
Artıq sorğunun qalibləri də məlumdur. Bunlar oktyabrda hamıdan yaxşı olan Uinston Parks və noyabrın ulduzu parlayan Flavinyudur. Müvafiq olaraq, «Bakı» və «Neftçi» klublarında çıxış edən legionerlər sorğunun qalibləri olublar.
Lakin qalib adını təkcə futbolçular qazanmayıb. Təşkilatçıların əvvəlcədən elan etdiyinə uyğun ardıcıl 3 ay ən yaxşını düzgün seçən media qurumları da mükafatlanacaq. Avqustda Ceyhun Sultanov, sentyabrda Rəşad Abdullayev və oktyabrda Parksı ən yaxşı göstərən 9 qurum qalib adını qazanıb.
Qeyd edək ki, «İdman» qəzeti və idman.com.az saytı avqustla noyabr aylarının ən yaxşı futbolçusunu düzgün tapıb.

Xəbər 1213 dəfə oxundu.