“Bakı” qış fasiləsində planını müəyyənləşdirdi

Unibank Premyer Liqasında qış fasiləsinə bir müddət qalsa da, bəzi klublar planlarını indidən cızıblar. idman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Bakı” qış fasiləsinin böyük hissəsini Türkiyənin Antalya şəhərində keçirəcək.
Komanda paytaxtda bir araya gəldikdən sonra yanvarın 9-da Antalyaya yola düşəcək. Qanlı 20 yanvar gününə kimi davam edəcək toplanışda 2 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. Məhz yanvarın 20-də “zolaqlılar” Bakıya qayıdacaq.
Cəmi 3 günlük istirahətdən sonra “Bakı” yenidən Antalyaya amma, fərqli otelə yollanacaq. İkinci toplanışı proqramı bir qədər zəngindir. Belə ki, komanda yanvarın 23-dən fevralın 5-nə kimi qonşu ölkədə qalacaq. İkinci toplanışda daha çox sayda, 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.
Baş məşqçi Aleksandr Starkov artıq oyunların keçirilmə vaxtını da müəyyənləşdirib. Təcrübəli mütəxəssis komandasını yanvarın 14, 19, 26, 29 və fevralın 1 və 4-də sınaqdan keçirəcək. Komandanın üz-üzə gələcəyi rəqiblər hələ ki bəlli deyil. Məlumata görə, komandanın Superliqa klublarının bir neçəsi ilə oynamaq ehtimalı mövcuddur.
Qeyd edək ki, “Bakı” 14 tur ərzində 25 xal toplamaqla 4-cü pillədə qərarlaşıb.

Xəbər 959 dəfə oxundu.