Boksçularımız Surqutda 2 qızıl və 2 gümüş medal qazandılar
Rusiyanın Surqut şəhərində həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turniri yekun vurulub. idman.com.az saytı xəbər verir ki, Azərbaycan boksçuları yarışı 2 qızıl və 2 gümüş medalla başa vurublar. Kişilərin turnirində Cavid Çələbiyev (52 kq) və Məhəmməd Abdulhəmidov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlk adı çəkilən rinq ustamız həlledici görüşdə Rusiya nümayəndəsi Semyon Stepanovu məğlub edib – 20:16. Digər qalib idmançımız final qarşılaşmasında Xantı-Mansiysk Muxtar Vilayətinin komandasını təmsil edən Nurəli Əliyev üzərində qələbə qazanıb. Boksçumuzun 12 zərbəsinə rəqib yalnız 6 zərbə ilə cavab verə bilib.
Qadınların yarışında isə 2 boksçumuz gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayzanat Hacıyeva yalnız finalda rusiyalı dünya və Avropa çempionu Sofiya Oçiqavaya uduzub. Yelena Vıstropova (75 kq) qızıl medal uğrunda görüşdə rusiyalı Nadejda Torlopovayla üz-üzə gəlib. Döyüş 10:10 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rinq sahibəsinə veriblər.

Xəbər 1209 dəfə oxundu.