Kişi otüstü hokkeyçilər Avropa klub çempionatına hazırlaşırlar
İyunun 3-də və 4-də Bakının kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” və “Akkord” klubları Avropa Çempionlar Kuboku uğrunda turnirə yola düşəcəklər. Artıq həmin yarışa son hazırlıq işləri başa çatmaq üzrədir. Xatırladırıq ki, ölkəmizin hər 2 təmsilçisi oyunlarını iyunun 6-9 aralığında keçirəcək. Qitəmiqyaslı “Çelenc 5” turnirində debüt edən Azərbaycan çempionu “Akkord” ildə 1 pillə irəliləyərək bu mövsüm Çexiyanın Rakovnik şəhərində “Çelenc I” divizyonunda yarışacaq. “B” qrupuna daxil olan həmyerlilərimiz İsveçrənin “Rot Veiss Vettingen”və yerli “Rokovnik” komandalarına qarşı mübarizə aparacaq. Bu qrupun 4-cü iştirakçısı - Belarusun “Minsk” klubu son anda yarışdan imtina etdiyinə görə “Akkord” ilkin mərhələdə 2 oyun keçirəcək. Digər qrupda isə “Slaviya Praqa”, HANK “Mladost” (Xorvatiya), “Gremmarias”(Cəbəlütariq) və “Banbridge”(Şotlandiya) klubları mübarizə aparacaq. Azərbaycan hokkeyçiləri ilk görüşlərini iyunun 6-da Bakı vaxtı ilə saat 20.00-da “Rot Veiss Vettingen”-ə qarşı keçirəcək. Bir günlük istirahətdən sonra “Akkord” meydan sahibləri-“Rakovnik” hokkeyçiləri ilə qarşılaşacaq. Turnirin sonuncu günü- iyunun 9-da pley-off oyunları keçiriləcək. Həmin gün qruplarda I-II yerləri tutanlar çarpaz üsulla görüşərək gələn ildən “Trofi” divizyonunda yarışmaq hüququ verən finalçıları aşkar edəcəklər.

Bakının “Atasport” klubu isə artıq ötən il bu hüqaqa sahib olub və cari mövsüm “Trofi” divizyonunda debüt edəcək. İtaliyanın Kagliari şəhərində keçirilən yarışın “B” qrupuna daxil olan hokkeyçilərimiz ilk oyunda Avstriyanın “Navax AHTC Vien” klubu ilə qarşılaşacaqlar. Həmin matç Bakı vaxtı ilə saat 16-da başlayacaq. Ertəsi gün “Atasport”-un rəqibi yerli “Bra” komandası olacaq və oyun saat 14.00-da start götürəcək. İyunun 8-də elə həmin vaxt qrup mərhələsinin son günü “Atasport” İrlandiya təmsilçisi “Monkstaun” klubu ilə məsələlərə aydınlıq gətirəcək. “A” qrupunda isə Xorvatiya,Uels,Ukrayna təmsilçiləri və İtaliyanın daha bir klubu -“Amsicora” dairəvi sistemlə mübarizə aparacaq.Yarışın axırıncı günü qruplarda müvafiq yerləri tutan iştirakçılar pley-off mərhələsində bir-biri ilə qarşılaşaraq yekun yerləri müəyyənləşdirəcəklər.Bu turnirdə ilk 2 yeri tutanlar qitənin ən güclüləri sırasına vəsiqə qazanacaq.

Xəbər 2235 dəfə oxundu.