Yeniyetmələr arasında Avropa təsnifat turniri
Mayın 30-dan iyunun 1-dək Bakıda atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq yarışla əlaqədar bu gün mətbuat konfransı keçirilib.

İlk olaraq turnirin əlaqələndiricisi və Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr departamentinin rəhbəri Könül Nurullayeva yarışla bağlı məlumat verib. O, bildirib ki, turnir atletikanın 18 növü üzrə keçiriləcək. Çinin Nanjinq şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq turnirdə 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparacaq. Bunlardan 333-ü qız, 357-si isə oğlan atletdir. Lisenziyaların sayı oğlanlar üçün 82, qızlar üçün isə 108 olacaqdır.
İdman yarışının əhəmiyyətini yüksək qiymətləndirən MOK-un vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Çingiz Hüseynzadə təsnifat turnirinin birinci Avropa Oyunlarına test xarakteri daşıdığını diqqətə çatdırmışdır. Ç.Hüseynzadə bildirmişdir ki, turnirdə iştirak edəcək idmançılar “Bakı-2015” üçün hazırlanmış Atletlər kəndində məskunlaşıb. Bu yarışla nəqliyyat, hakimlik və digər məsələlər sınaqdan keçiriləcək. Turnirin keçirilməsinin ölkəmizə beş ay əvvəl həvalə olunduğunu diqqətə çatdıran Ç.Hüseynzadə bütün iştirakçılara uğurla arzulayıb.

Yüksək təşkilatçılığa görə Təşkilat Komitəsinə təşəkkür edən Avropa Atletika Federasiyasının vitse-prezidenti Karel Pilni ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, deyib ki, Azərbaycanda irimiqyaslı idman yarışlarını təşkil etmək üçün hər cür şəraiti var. Yüksək səviyyəli aeroport, müasir standartlara cavab verən hotellər və idman infrastrukturunun mövcudluğu beynəlxalq idman qurumlarına mötəbər turnirlərin keçirilməsini tərəddüd etmədən respublikamıza həvalə olunmasına imkan verir: "Bu yarış qeyri-rəsmi Avropa çempionatıdır. Yeniyetmələr arasında qitə birinciliyi keçirilmir. Ona görə bu yarışın əhəmiyyəti çox böyükdür. Turnirdə ən güclü və perspektivli idmançılar iştirak edəcək. Ona görə azarkeşləri maraqlı mübarizə gözləyir."

Azərbaycanda ilk dəfə atletika üzrə irimiqyaslı turnirin təşkil ediləcəyini deyən K.Pilni gələcəkdə Bakıda dünya və Avropa çempionatlarının keçiriləcəyini istisna etmədi.
Atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Nazim İsrafilov idmançılarımızın layiqli çıxış edəcəyini söylədi: “Turnirdə ölkəmizi 16 idmançı – 9 oğlan, 7 qız atlet təmsil edəcək. Qarşıya iki medal və yeniyetmələrin II Olimpiya Oyunlarına üç lisenziya qazanmaq hədəfi qoyulub. Millimizin heyətində Nazim Babayevi (üçtəkanla tullanma), Yelena Qladkovanı (şüvəllə tullanma) və Abrexa Benafetanı (1500 və 3000 metrlik qaçış üzrə) medallara iddiaçı kimi göstərmək olar. İdmançılarımız yarışa yüksək səviyyədə hazırlaşıb və medal qazanmaq gücündədirlər”.

Qeyd edək ki, yarışın təntənəli açılış mərasimi mayın 30-da saat 17-də start götürəcək.

Xəbər 1711 dəfə oxundu.