Hokkeyçi oğlanlar birinci dövrəyə yekun vurdular
Şənbə günü 15 yaşınadək oğlan otüstü hokkeyçilər də birinci dövrənin oyunlarını başa çatdırdılar.“A” qrupuna daxil olan “Akkord”(Sumqayıt) qələbələr seriyasını davam etdirərək “Təhsil”(Bakı) komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Şəmkir” və “Gəncə” hokeyçilərinin oyununda hesab açılmayıb.

Birinci dövrənin oyunlarından sonra “Akkord” 18 xalla yarış cədvəlində liderlik mövqeyində qaldı. Şəmkir hokkeyçiləri 10 xalla “A” qrupunun II-si oldu. Keçirdiyi 6 görüşdən 5 xal toplayan Gəncə təmsilçiləri III pillədədirlər. Sonuncu yerdə qərarlaşan “Təhsil” komandası isə 6 oyundan cəmi 1 xal toplaya bilib.

“B” qrupunda yarışan Qusarın “Şahdağ” komandası qrup ikinciliyini təmin etdiyindən Cəlilabadın “Göytəpə” hokkeyçiləri ilə oyun prinsipial xarakter daşımayıb. Elə buna görə də qusarlılar 1:2 hesabı ilə məğlubiyyətdən heç də təsirlənməyiblər. “Olimp”(Masallı) “Atasport-Binə” görüşündə Masallı hokkeyçiləri liderə 0:5 hesabı ilə uduzaraq böyükhesablı məğlubiyyətlər ənənəsini pozmayıb.

Bu qrupda “Atasport-Binə” komandası 15 xal toplayaraq birinci dövrəni lider kimi başa vurub. Qusar hokkeyçiləri 12 xalla II yeri tutublar. “Göytəpə” 9 xal toplasa da yalnız III pillədə qalıb.”Olimp” komandası keçirdiyi 6 oyunun hamısında uduzaraq bir xal belə toplaya bilməyib. Beləliklə, ölkə birinciliyinin reqlamentinə görə 15 və 17 yaşınadək oğlan otüstü hokkeyçilərin yarışında qrularda I və II yerləri tutan komandalar payızda start götürəcək ikinci dövrədə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qruplarda 3-cü və IV yerləri tutan komandalar isə V-VIII yerlər uğrunda oynamayaraq artıq növbəti mövsümə hazırlaşacaqlar.

Xəbər 2229 dəfə oxundu.