Yuri Syomin: "Marat İzmaylov oyunun ən yaxşısı idi, ancaq..."
"İlk olaraq qeyd edim ki, Azərbaycan kubokunun finalı yaxşı təşkil edilmişdi. Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda olaraq da pis oynamadıq. Hər iki komanda bu oyunda qələbə qazana bilərdi. Sadəcə penaltilər seriyasında uduzduq".

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Neftçi" ilə kubok matçından sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Marat İzmaylovu oyunun ən yaxşısı adlandırıb: “Qəbələ” ilk dəfədir ki, ölkə kubokunun finalına çıxır. Nizami Hacıyevin hərəkətinə əsəbiləşmişdim. Çünki o, meydanda vaxt apardı. Əslində o daha yaxşı ötürmə edə bilərdi. Bəlkə də qol olacaqdı. Penaltiləri ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat bugünkü oyunun ən yaxşısı idi, lakin penaltini vura bilmədi. Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik”.

Qeyd edək ki, tarixində ilk dəfə ölkə kubokunun finalına yüksələn "Qəbələ" həlledici görüşdə "Neftçi"yə penaltilər seriyasında (2:3) uduzub.

Xəbər 835 dəfə oxundu.