Qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə qatılacaq daha dörd yığmanın adı dəqiqləşib
Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə qatılacaq daha dörd yığmanın adı dəqiqləşmişdir.

Dominikan Respublikası, Kuba, ABŞ və Kanada milliləri komandamızın mübarizə aparacağı mundiala vəsiqə qazanmışlar. Bu komandalar Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının seçmə mərhələsinin yekununa əsasən dünya çempionatına yüksəlmişlər.

Beləliklə, mundialın iştirakçılarının sayı 22-yə çatmışdır. Bu dörd yığmadan Kubanın Azərbaycan millisinin yer aldığı qrupa düşəcəyi ehtimal edilir. Voleybolçularımızın son rəqibi isə NORCECA-nın üçüncüsü olacaqdır. NORCECA-nın Apennində iştirak hüququ qazanacaq digər iki komandasının adına isə iyuladək aydınlıq gələcəkdir.

Qeyd edək ki, NORCECA seçmə mərhələsi başa çatdıqdan sonra yığmaların reytinq cədvəlində dəyişiklik olsa, həmin komandaların nömrələrinə uyğun olaraq qrupların dəyişməsi istisna deyildir.

AzərTAc

Xəbər 818 dəfə oxundu.