2 ağırlıqqaldıranımız Londonda test yarışında

Azərbaycan ağırlıqqaldıranları London Yay Olimpiya Oyunları öncəsi test turnirində çıxış edəcəklər. Dekabrın 8-də start götürəcək yarışa İntiqam Zairov (94 kq) və Yuliya Dovqal (+75 kq) yollanacaq.
İki gün davam edəcək turnirdə idmançılarımız məşqçilər Maqsum Həsənov və Xanlar Nəbiyevin rəhbərliyi ilə mübarizə aparacaqlar. Atletlərimiz London olimpiadasında ağırlıqqaldırma yarışlarının keçiriləcəyi zalda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, XXX Yay Olimpiya Oyunlarına 5 kişi ağırlıqqaldıranımız vəsiqə qazanıb. Lakin olimpiadanın təşkilat komitəsi test-turnirini yalnız yuxarı çəki dərəcələri üzrə keçirməyə qərar verib. Səfər xərcləri milli federasiyalar, yemək və yataq xərcləri isə təşkilatçılar tərəfindən ödənilir.

Xəbər 1196 dəfə oxundu.