Atletlər birincilik uğrunda mübarizə aparacaqlar
Mayın 30-dan iyunun 1-dək Bakıda yüngül atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri keçiriləcəkdir.

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış 18 idman növünü əhatə edəcəkdir.

Qırxdan çox ölkənin iştirak edəcəyi lisenziya xarakterli turnirdə medallar uğrunda 800-dən çox idmançı mübarizə aparacaqdır. Yarış iştirakçıları məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcəklər.

Turnirin qalibləri cari il avqustun 16-28-də Çinin Nanjinq şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Lisenziyaların sayı oğlanlar üçün 82, yeniyetmə qızlar üçün isə 108 olacaqdır.

Azərbaycanı təsnifat yarışlarında 15 idmançı təmsil edəcəkdir. Komandamızın heyətində Avropa Olimpiya Festivalının qalibi Nazim Babayev (üç təkanla tullanma), Yelena Qladkova (şüvüllə tullanma), Abrexa Benafeta (1500 və 3000 m-lik qaçış üzrə) və digərləri olacaqlar.

Yarış qitənin bir neçə ölkəsində, o cümlədən “Eurosport” kanalında canlı yayımlanacaqdır.

Xəbər 854 dəfə oxundu.