Eurosport: “Azərbaycan bir daha sübut etdi ki, mümkünsüzü həyata keçirmək olar”
Dünyaca məşhur “Eurosport” kanalı mayın 7-11-də keçirilmiş “Tour d”Azerbaidjan-2014” veloyürüşü ilə bağlı maraqlı süjet hazırlayıb. Materialda Azərbaycanda idmanın inkişafından, ölkəyə olan turist axınından və gələn il keçiriləcək ilk Avropa Oyunlarından bəhs edilir.

Süjetin müəllifi 25 komandanın iştirakı ilə keçirilən 5 mərhələli yarışda 8-i Pro Kontinental olmaqla, ümumilkdə 25 komandanın iştirak etdiyini bildirib və bu amili yarışa olan marağın ildən-ilə artması ilə əlaqələndirib. Beynəlxalq Velosipedçilər İttifaqının təqvim-planında önəmli yer tutan nüfuzlu yarışın tanınmış qonaqları da “Tour d”Azerbaidjan” haqqında yüksək fikirlər söyləyiblər. Məsələn, 2008-ci il “Tour de France” veloyürüşünün qalibi, ispaniyalı Karlos Sastre velosiped idmanı üzrə yarışların coğrafiyasının genişlənməsindən məmnunluqla danışıb və Azərbaycanda idmana olan böyük sevgini xüsusi vurğulayıb. Sitat: “Əminəm ki, Azərbaycan böyük potensiala malik və qarşısına qoyduğu məqsədlərə çatmağı bacaran bir ölkədir”.

“Tour d”Azerbaidjan-2014” ölkəmizə təkcə xarici turistlərin yox, həm də dünyanın ən nüfuzlu velosiped komandalarının gəlməsinə şərait yaradıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, qurum velosiped idmanının bütün növlərinin geniş yayılması üçün lazımi işlər həyata keçirir və bu tip yarışların təşkili də inkişafı şərtləndirən əsas amillərdəndir.

Türkiyənin “Torku Şəkərspor” komandasının nümayəndəsi, 2011-ci il nüfuzlu “Vuelta” veloyürüşünün qalibi Xuan Xose Kobo yarışın ildən-ilə artan nüfuzundan danışıb və 2.1 kateqoriyalı “Tour d”Azerbaidjan” yarışının velosipedçilər üçün önəmli bir tura çevrildiyini deyib.

Turun texniki direktoru, almaniyalı Albrext Röder isə Azərbaycanın qarşıdakı illərdə daha nüfuzlu yarışlar, məsələn hətta dünya çempionatını belə keçirmək iqtidarında olduğunu söyləyib.

Süjetdə “Tour d”Azerbaidjan-2014”ün sonuncu, 5-ci mərhələsinin paytaxt Bakı küçələrində təşkili də xüsusi vurğulanıb və bu Azərbaycanın gələn il ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına hazırlığının önəmli bir hissəsi kimi dəyərləndirilib.

Müəllif süjeti bu sözlərlə tamamlayıb: “Azərbaycan bir daha sübut etdi ki, mümkünsüzü həyata keçirmək mümkündür”.

Xəbər 1123 dəfə oxundu.