Yan Sokolun İrlandiya zəfəri
İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşünün 3-cü mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. İdman.com.az saytı xəbər verir ki, 36 kollektivin iştirak etdiyi yarışın 154.2 km-lik bu mərhələsi komandamızın üzvü Yan Sokolun finiş xəttini birinci keçməsi ilə əlamətdar olub.

Velosipedçimiz 3 saat, 35 dəqiqə, 1 saniyə nəticə ilə starta çıxan 154 iştirakçı arasında mərhələ qalibiyyətinin sevincini yaşayıb. Komandamızın digər üzvlərinin çıxışına gəlincə, Markus Eybeger, Daniel Klemme, Konnor McConvey və Kristof Şvayzer finişi Sokoldan 16 saniyə gec keçən pelotonun içərisində olublar.

3 mərhələdən sonra ümumi sıralanmada Markus Eybeger liderdən 1 dəqiqə, 57 saniyə geri qalmaqla 4-cü mövqedə qərarlaşır. Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 183.6 km məsafə qət edəcəklər. 8 mərhələdən ibarət yürüşə mayın 25-də yekun vurulacaq.

Xəbər 1263 dəfə oxundu.