Avropa Velosipedçilər İttifaqından təbrik məktubu
Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı və uğurla başa çatması münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədova məktub ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli, cənab prezident!

Avropa Velosipedçilər İttifaqı adından Sizi “Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı münasibətilə təbrik edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, qurumun baş katibi Enriko de la Kassa və onu müşayiət edən texniki komissiya xüsusən yarışın mayın 11-də paytaxt Bakıda keçirilən son mərhələsi ilə bağlı hazırladığı raportunda İçərişəhər marşrutu ilə bağlı xüsusi qeydlər edib və ən xoş təəssüratlarını bölüşüblər.

Bizim texniki komissiya “Bakı-2015”in Təşkilat Komitəsi ilə məsləhətləşmələr apardıqdan sonra gələn il keçiriləcək ilk Avropa Oyunlarının marşrutu ilə bağlı ətraflı məruzə hazırlayıb.

“Eurosport” kanalı ilə gördüklərimizə əsasən, Bakının həm müasirlik, həm də tarixilik baxımından gözəlliyinin bir daha şahidi olduq. Xüsusən, İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası Bakının çoxəsrlik tarixə malik olduğunu bir daha sübut edir.

“Tour d’Azerbaidjan-2014” veloyürüşünün son mərhələsinin “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarının keçiriləcəyi yollar boyunca təşkili olduqca müsbət haldır və bütün iştirakçılar Bakını daha yaxından tanımaq imkanı qazanıblar.

Əminəm ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq və iştirakçılar Bakıdan xoş təəssüratlarla ayrılacaqlar. Bir daha öz dərin hörmət və ehtiramımı sizə bildirir və ən xoş arzularımı çatdırıram”.
Paylaş: Facebook Twitter Google Plus

Xəbər 1050 dəfə oxundu.