«Sağlamlıq-2011» spartakiadası başa çatıb

Oktyabrın 22-də Bakı İdman Sarayında açılışı qeyd edilmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda rabitənin yaranmasının 130 illiyinə həsr olunmuş «Sağlamlıq-2011» spartakiadası başa çatıb. Bir aydan çox davam edən idman tədbirini keçirməkdə əsas məqsəd rabitə işçilərinin sağlamlığını möhkəmləndirmək və AHİTA-nın növbəti spartakiadasında çıxış edəcək idmançıları müəyyən etmək idi. Yarışda 17 müəssisənin komandasının tərkibində 1000-dən çox idmançı şahmat, dama, nərd, stolüstü tennis, kəndirdartma, voleybol, atletika (kişilər və qadınlar) və mini futbol üzrə mübarizə aparıb.
Yekun nəticələrə görə, «Azərpoçt» MMC-in idmançıları kəndirdartma, nərd, «Aztelekom» İstehsalat Birliyinin komandası dama, stolüstü tennis, voleybol və atletika (kişilər), Azercell-in təmsilçiləri şahmat, mini futbol, Azərbaycan Texniki Universitetin (qadınlar) idmançıları atletika üzrə spartakiadada bütün rəqib komandaları üstələyiblər.
Ümumi komanda hesabında isə «Aztelekom» İstehsalat Birliyinin komandası birinci yeri tutub. İkinci və üçüncü pillələrdə «Azərpoçt» MMC və Bakı Telefon Rabitə İstehsalat Birliyinin idmançıları qərarlaşıblar.
Spartakiadada ilk üç yerin sahibinə fəxri fərmanlar, pul mükafatları, ümumkomanda hesabında fərqlənən komandalara isə xatirə kubokları təqdim edilib.

Xəbər 2823 dəfə oxundu.