Yunan-Roma güləşçilərimiz Dünya Kubokunda yeni tarix yazdı
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışarı başa çatıb. İdman.com.az saytı xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandası güləş tariximizdə yeni səhifə yazıb. Güləşçilərimiz Dünya Kuboku yarışlarında ilk dəfə 3-cü yeri tutub və bürünc medala sahib olub.

Qeyd edək ki, güləşçilərimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparıb. Güləşçilərimiz ilk görüşdə yerli İran güləşçilərinə məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya (5:3) və Finlandiya (5:3) yığmasını məğlub edən yığmamız qrupda 2-ci yerdə qərarlaşıb və bürünc medal şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub.

Bu, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın indiyə qədərki ən uğurlu nəticəsidir. Buna qədər güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdilər.

Xəbər 1128 dəfə oxundu.