İdmançılarımız dünya çempionatında 3 qızıl medal qazanıblar

Latviyanın paytaxtı Riqada pauerliftinqin WPC versiyası üzrə dünya çempionatı başa çatıb.
www.idman.com.az saytı AzərTAc-a istinadən xəbər verir ki, yarışa Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 idmançı ilə yollanan yığma komandamız vətənə üç qızıl medalla dönüb.
Gənclər arasında 100 kq çəki dərəcəsində çıxış edən atletimiz Hafiz Verdiyev 3 hərəkətin cəmində 900 kq nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Yarışda 100 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançımız Cavidan Ramazanov 380 kq nəticə ilə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millimizin yeganə qadın üzvü, 56 kq çəki dərəcəsində çıxış edən Rəna Əliyeva 3 hərəkətin cəmində 290 kq göstərici ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.
Beynəlxalq Pauerliftinq Federasiyası WPC-nin yaranmasının 30-cu ildönümü münasibətilə təşkil olunmuş yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev qurumun işindəki səmərəli fəaliyyətinə görə xüsusi qızıl medalla təltif edilib.

Xəbər 2505 dəfə oxundu.