“Neftçi” PFK: “Komandamızın qarşıdakı oyunlarına xarici hakimlərin təyin olunmasını istəyirik”
“Neftçi” PFK bəyanat yayıb. Bəyanatda deyilir:
«Neftçi» PFK-nın Azərbaycan futbolunun inkişafında müstəsna rolu var. Klubumuzda son iki ildə görülən işlər göz qabağındadır. «Neftçi» PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında klubumuz 6 ildən sonra çempionatın bitməsinə üç tur qalmış çempionluğunu təmin edib. Klub prezidenti yerli məşqçi və futbolçuların inkişafının təmin olunması üçün hər cür şərait yaradıb.

«Neftçi» PFK-nın uğurlarına baxmayaraq bəzi qüvvələr buna kölgə salmağa çalışırlar. Klubumuza qarşı ictimaiyyət arasında qərəzli məlumatlar yer alır. Buna misal olaraq, AFFA, PFL və Hakimlər Komitəsinin «Neftçi» PFK-ya keçirdiyi oyunlarda kömək etməsi bildirilir. Baxmayaraq ki, hakim səhvləri digər klubların iştirakı ilə keçirilən oyunlarda daha çox qeydə alınır. Ötən və 2011-2012-ci il futbol mövsümündə «Neftçi»yə qarşı hakim səhvləri daha çox qeydə alınıb. Unibank Premyer Liqasının IV turunun 27.08.2011-ci il tarixdə keçirilmiş «Azal» - «Neftçi» (3:1) oyununda rəqib qapısına penalti təyin edilməyib, V turun 11.09.2011-ci il tarixdə keçirilmiş «Xəzər Lənkəran» - «Neftçi» (1:0) və X turun 22.10.2011-ci il tarixdə keçirilmiş «Kəpəz» - «Neftçi» (1:1) oyunlarında hakim səhvlərinə görə komandamızın qolları hesaba alınmayıb və «Neftçi» vacib xallar itirib, VII turun 23.09.2011-ci il tarixdə keçirilmiş «Neftçi» - «Bakı» oyununda isə «Neftçi» PFK-nın futbolçusu Flavinyoya qarşı cərimə meydançasında açıq-aşkar qəddarlıq edilsə də, hakim tərəfindən rəqibə qırmızı vərəqə göstərilməyib və penalti təyin olunmayıb. Biz «Neftçi» PFK olaraq bunu qərəz kimi deyil, hakim səhvləri kimi qəbul etmişik. Bu oyunlarda hakim səhvləri bir o qədər də qabardılmasa da, «Neftçi» PFK-nın iştirakı ilə keçirilmiş görüşlərdə hakim səhvləri şişirdilib və haqsız iddialar irəli sürülüb.

Bildirmək istərdik ki, «Neftçi» PFK öz strategiyası, taktikası və gücü hesabına oynayan bir komandadır. Bütün bu təzyiqlər «Neftçi» PFK-nın rəhbərliyinə, məşqçilərinə, futbolçularına və azarkeşlərinə çox mənfi təsir göstərməklə yanaşı, ümumi futbolun inkişafına zərbə vurur.

«Neftçi» PFK-ya qarşı süni və planlı şəkildə yaradılan mənfi imic təbliğatına qəti etirazımızı bildiririk. Məlum səbəblərə görə keçən mövsüm «Neftçi» PFK-nın oyunlarına xaricdən hakim təyin olunmasını istədiyimizi ictimaiyyətə bildirmişdik. Bu mövsüm 13 tur keçməsinə baxmayaraq «Neftçi» PFK-ya qarşı bütün təzyiqlərə son qoyulması üçün çıxış yolunu xaricdən hakim dəvət olunmasında görürük.

Bütün bunları nəzərə alaraq, «Neftçi» PFK-nın rəhbərliyi, məşqçilər korpusu və futbolçu heyəti israrla AFFA və PFL-dən xaricdən hakimlər briqadasının dəvət olunmasını və «Neftçi» PFK-nın keçirəcəyi Premyer Liqa və kubok oyunlarına təyin edilməsini xahiş edirik.

Xəbər 1190 dəfə oxundu.