“Atasport” klublarının liderliyi davam edir
Yola saldığımız həftənin şənbə və bazar günləri 15 və 17 yaşınadək oğlanlardan, eləcə də qadın otüstü hokkeyçilərsdən ibarət komandalar ölkə çempionatında və birinciliklərinə sayca nıvbəti turların oyunlarını keçiriblər. Şənbə günü “A” və “B” qruplarına daxil olan oğlan otüstü hokkeyçilər mübarizəyə qoşulublar. “A” qrupunda “Akkord”(Sumqayıt) Şəmkir hokkeyçilərini 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. “Gəncə” və “Təhsil”(Bakı) komandalarının oyununda hesab açılmayıb.

IV turun oyunlarından sonra “Akkord” 12 xalla yarış cədvəlinə başçılıq edir. Şəmkir hokkeyçiləri 6 xalla II yeri tuturlar. Aktivində 4 xalı olan Gəncə təmsilçiləri III pillədədirlər. Sonuncu yerdə qərarlaşan “Təhsil” komandası isə keçirdiyi 4 oyundan cəmi 1 xal toplaya bilib.

“B” qrupunda yarışan Qusarın “Şahdağ” komandası “Olimp”(Masallı) ilə oyunda 2:0 hesabı ilə qələbə qazanıb. “Göytəpə”(Cəlilabad) -“Atasport-Binə” matçı 2:1 hesabı ilə Binə hokkeyçilərinin xeyrinə qurtarıb.

Bu qrupda Qusar hokkeyçiləri 12 xalla vahid liderdirlər. “Atasport-Binə” 9 xalla II yerdədir. “Göytəpə” 3 xalla III pillədədir.”Olimp” komandası keçirdiyi 4 oyundan hələlik xal toplaya bilməyib. Bazar günü ilk olaraq qadın otüstü hokkeyçilər mübarizəyə qoşulublar. “Atasport-2” və “Bakı” komandalarının görüşündə qapılara qol vurulmayıb. V tur çərçivəsində “Samur”(Qusar)- “Sumqayıt” komandalarının oyununda şimal bölgəsinin təmsilçiləri 10:1 hesabı ilə qələbə qazanıblar. Rəqib komandanın qapısına vurulan topların 5-nin müəllifi Günay İsmayılova olub. Günay Hacıyeva və Kəmalə Qazıxanova hərəyə 2 dəfə fərqləniblər. 10-cu topu isə rəqibin qapısından Nəzrin Şahpələngova keçirib.

Bazar günü keçirilən oyunlardan sonra “Atasport-2” 13 xalla vahid liderdir. 5 oyundan 9 xal toplayan Qusar hokkeyçiləri 2-ci yeri tuturlar. Aktivində 6 xalı olan “Bakı”III pillədədir. Sonuncu yeri tutan sumqayıtlı qızlar 5 görüşdən 1 xal belə toplaya bilməyiblər. Mayın 11-də 17 yaşınadək oğlan hokkeyçilər də V turun oyunlarını keçiriblər. “A” qrupuna daxil olan “Atasport”(Sumqayıt) və “Atasport-Binə” komandalarının qarşılaşması heç-heçə başa çatıb- 4:4. “Gəncə” – “Şəki” matçında isə gəncəlilər 5:2 hesabı ilə qalib gəliblər.

“A” qrupunda 5 oyundan 13 xal toplayan “Atasport”(Sumqayıt) yarış cədvəlinə başçılıq edir. “Atasport-Binə” 10 xalla II pillədədir. Gəncə hokkeyçiləri 6 xalla III, bütün oyunlarda məğlub olan “Şəki” komandası isə qrup sonuncusudur.

Masallı şəhər stadionunda yarışan 17 yaşınadək oğlanlar arasında da 1 oyun olub.”B” qrupuna daxil olan yerli “Olimp” və “Astara” komandalarının qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Bu qrupda “Olimp”(Masallı) 7 xalla liderdir. “Xəzər”(Lənkəran) komandası 3 görüşdən 5 xalla II yerdə qərarlaşıb. Astara hokkeyçiləri isə 4 oyundan 1 xal toplayaraq sonuncu-III yeri tuturlar. Otüstü hokkey üzrə ölkə çempionatında və birinciliklərində nıvbəti turların oyunları mayın 17-si və 18-də keçiriləcək.

Xəbər 2428 dəfə oxundu.