“Tour d’Azerbaidjan-2014”də 4-cü mərhələ
Bu gün 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 4-cü mərhələsi keçirilib. Yürüşün bu hissəsi saat 10:30-da Qəbələdən start götürüb və velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.

Dünən olduğu kimi, bu dəfə də qalib CAR-ın “MTN Qhubeka” komandasının velosipedçisi olub – 2007-ci il “Tour de France” veloyürüşünün 7-ci mərhələsinin qalibi, almaniyalı Linus Gerdemann finişə hamıdan tez çatıb – 2 saat, 59 dəqiqə, 4 saniyə. O həm də mərhələnin ən yaxşı dağ velosipedçisi kimi qırmızı “AZAL” maykasına layiq görülüb.

Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin finişi liderin arxasınca keçib və 2-ci olub. Bu Zakarinə həm də ümumi təsnifatda liderliyə yüksəlməyə kömək edib və bununla da velosipedçi göy “SYNERGY GROUP” maykasını ələ keçirib. Ilk üçlüyü Ukraynanın “Kolss” komandasının velosipedçisi Vitali Buts tamamlayıb – o mərhələ qalibinə 1 dəqiqə, 55 saniyə uduzub.

Yeri gəlmişkən, ukraynalı velosipedçi 4-cü mərhələnin ən yaxşı sprinteri kimi yaşıl “SOCAR” köynəyinə layiq görülüb. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi “ATAHOLDİNG” köynəyinin də sahibi dəyişməz qalıb. Burada liderlik isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) məxsusdur.

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstəriciyə Markus Eybeger imza atıb – o 3 saat, 2 dəqiqə, 48 saniyə nəticə ilə 28-ci olub.



Xəbər 951 dəfə oxundu.