“Tour d’Azerbaidjan-2014”də 2-ci mərhələ
Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsi keçirilib. 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər və İsmayıllı rayonunadək 187 km məsafə qət ediblər.

Mərhələnin qalibi İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç keçib – 4 saat, 55 dəqiqə, 2 saniyə. Ondan 1 saniyə geri qalan avstaliyalı Uilyam Klark (“Drapak Professional Cycling”) 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato (“Neri Sottoli”) 3-cü olub.

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəyə Aleksandr Surutkoviç imza atıb – o liderə 15 saniyə uduzmaqla 28-ci olub. Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, sloveniyalı Matey Muqerli isə (“Adria Mobil”) ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verilib.

Xəbər 790 dəfə oxundu.