Suarez “İlin futbolçusu” oldu
İngiltərə Futbol Yazarları Birliyi (FWA), “Liverpul”un uruqvaylı hücumçusu Luis Suaresi “ilin futbolçusu” seçib. Çempionluq mübarizəsi aparan “Liverpul”da 30 qol vuran L.Suarez 300-dən artıq yazarın iştirak etdiyi səsvermədə 52 faiz səslə “ilin futbolçusu” adını qazanıb.

Səsvermədə L.Suarezin komanda yoldaşı Stiven Cerrard ikinci, “Mançester Siti”li Yaya Ture isə üçüncü olub.

L. Suarez, keçən ay da Peşəkar Futbolçular Birliyi tərəfindən “ilin futbolçusu” mükafatına layiq görülüb.

Qeyd edək ki, 2011-2012-ci il qış fasiləsində 22,8 milyon funt-sterlinqə Niderlandın “Ayaks” klubundan “Liverpul”a transfer olunan 27 yaşlı L.Suarez “Mançester Yunayted”li Patrik Evraya qarşı irqçi ifadələr işlətdiyi üçün 8, “Çelsi”li Branislav İvanovicin qolunu qırdığı üçün isə 10 oyunluq cəza alaraq gündəmə gəlmişdi.

L.Suarezə verilən mükafatı son 5 ildə Qaret Beyl (“Tottenhem”), Robbi van Persi (“Arsenal”), Skott Parker (“Vest Xem Yunayted”), Ueyn Runi (“Mançester Yunayted”) və Stiven Cerrard (“Liverpul”) qazanıb.

Xəbər 924 dəfə oxundu.