Fəxrəddin Şahbazovun xatirə turniri keçirilib
Noyabrın 20-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına uyğun olaraq, Masazır qəsəbəsində yerləşən ağır atletika mərkəzində Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş Bakı şəhər XI açıq turniri keçirilib.

Tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini A.Yusifov, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov, Azərbaycan Televiziyası və Radio Verilişləri Həmkarlar İttifaqının sədr müavini Mübariz Süleymanlı iştirak ediblər.

Tədbirin giriş hissəsində Milli Qəhrəman F.Şahbazovun və onun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması məqsədilə bir dəqiqəlik sükut elan edilib, daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Televiziyası və Radio Verilişləri Həmkarlar İttifaqının sədr müavini Mübariz Süleymanlı çıxış edərək yarış iştirakçılarını salamlayıb, Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş turnirin əhəmiyyətindən danışaraq, keçirilən yarışın F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunmasında böyük rol oynadığını qeyd edib.

Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini A.Yusifov çıxış edərək idmançıları salamlayıb, Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş Bakı şəhər XI açıq turnirinin ənənəvi olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hər il keçirildiyini qeyd edib, yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıb.

Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş Bakı şəhər XI açıq turnirində “8 saylı UGİM”, “Təhsil RİM”, “Gənclik İK”, “Zirvə İK”, “ADBTİA”, “Cəlilabad UGİM”, “Lənkəran Zirvə”, “MOİK” kimi 8 komandanı təmsil edən 58 nəfər idmançı 8 çəki dərəcəsində (56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq) mübarizə aparıblar.

Turnirdə 56 kq çəki dərəcəsində Allahyar Abışov (Təhsil RİM), 62 kq çəki dərəcəsində Kənan Əliquliyev (Lənkəran “Zirvə”), 69 kq çəki dərəcəsində Elxan Əliquluzadə (Lənkəran, “Zirvə”), 77 kq çəki dərəcəsində Tofiq Allahverdiyev (Təhsil RİM), 85 kq çəki dərəcəsində Emin Qocayev (Abşeron, “Zirvə”), 94 kq çəki dərəcəsində Orxan Əliquluzadə (Lənkəran, “Zirvə”), 105 kq çəki dərəcəsində Xosrov Əhmədov (“Neftçi” İSM), +105 kq çəki dərəcəsində Ağazaman Əliyev (8 saylı UGİM) layiq görülüblər.

Yarışda I, II, III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla, Azərbaycan Televiziyası və Radio Verilişləri Həmkarlar İttifaqı tərəfindən 69 kq çəki dərəcəsində ilk üç yerə layiq görülmüş idmançılar kubok və xatirə hədiyyələri ilə təltif ediliblər.

Xəbər 1455 dəfə oxundu.