“Atasport-2” rəqiblərindən 6 xal aralandı
Mayın 4-də 17 yaşınadək oğlanlardan və qadın otüstü hokkeyçilərdən ibarət komandalar ölkə birinciliyində və çempionatında sayca IV turun oyunlarını keçiriblər. İlk olaraq meydana oğlanlar çıxıb. “A” qrupunda “Atasport”(Sumqayıt) hokkeyçiləri Gəncə təmsilçilərini 5:0 hesabı ilə məğlubiyyətə uğradıblar.”Atasport-Binə” komandası isə Şəki idmançılarının qapısından 9 cavabsız top keçiriblər.

IV turun oyunlarından sonra sumqayıtlılar 100 faizli nəticə ilə yarış cədvəlinə başçılıq edirlər. “Ataspot- Binə” liderdən 3 xal geri qalaraq II yeri tutur. Gəncə hokkeyçiləri 3 xalla III pillədədirlər. Şəki hokkeyçiləri isə keçirdikləri 4 oyunun hamısında uduzublar.
Masallı şəhər stadionunda yarışan 17 yaşınadək oğlanlar arasında da 1 oyun olub.”B” qrupuna daxil olan Lənkəranın “Xəzər” və “Astara” komandalarının qarşılaşmasında hesab açılmayıb. Bu qrupda “Xəzər” komandası 3 görüşdən 5 xalla liderdir. “Olimp”(Masallı) 4 xalla II yerdə qərarlaşıb. Astara hokkeyçiləri isə 3 oyundan 1 xal toplayaraq sonuncu-III yei tutur.

17 yaşınadək oğlanlardan ibarət komandalar növbəti turun oyunlarını mayın 11-də keçirəcəklər.

Bazar günü qadın otüstü hokkeyçilər arasında da IV turun oyunları keçirilib. Paytaxtın “Atasport-2” və “Sumqayıt” komandalarının qarşılaşması Bakı hokkeyçilərinin böyük üstünlüyü ilə başa çatıb-7:0. Birinci hissədə rəqib qapısından 4 cavabsız top keçirən “Atasport-2”-nin ustalıq səviyyəsi ikinci hissədə də özünü büruzə verib. Bakı hokkeyçiləri daha 3 qol vuraraq matçı öz xeyirlərinə yekunlaşdırıblar. Rəqib komandanın qapısından topların 3-nü ad gününü qeyd edən Ceyhunə Məhərrəmova keçirib. Hərəyə 2 qolun müəllifi isə Emiliya Həsənova və Gülüm Rüstəmova olub.

İkinci görüş “Bakı” və “Samur”(Qusar) komandaları arasında baş tutub. Bu rəqiblərin birinci dövrənin ilk qarşılaşmasında qusarlı qızlar 4:2 hesabı ilə qalib gəldiyindən bu dəfəki görüşün kifayət qədər gərgin keçəcəyi gözlənilirdi. Birinci hissənin başa çatmasına 5 dəqiqə qalmış Xalidə Zeynalovanın cərimə zərbəsindən vurduğu yeganə qol paytaxt hokkeyçilərinin fasiləyə üstün durumda yollanmalarına şərait yaradıb. 1:0 hesabı ikinci hissədə dəyişməz qalıb və “Bakı” komandası ilk görüşdəki məğlubiyyətin əvəzini çıxa bilib.

Bu günkü qələbədən sonra 4 görüşdən 12 xal toplayan ötən ilki çempion- “Atasport-2” vahid liderliyini davam etdirir. “Samur”(Qusar) və “Bakı” klubları 6 xalla II –III yerləri bölüşürlər. Maraqlıdır ki, bu komandaların bütün göstəriciləri eynidir. Sonuncu-4-cü yerdə qərarlaşan “Sumqayıt” komandası hələlik xal toplaya bilməyib.

Qadın otüstü hokkeyçilər arasında növbəti- V turun oyunları mayın 8-də və11-də keçiriləcək. Cümə axşamı saat 14.00-da “Bakı” -“Atasport-2”, bazar günü saat 11.30-da isə “Samur”- “Sumqayıt”matçı start götürəcək.

Xəbər 2072 dəfə oxundu.