Mətbuat konfransı keçirilib
Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsində üz-üzə gələcək “Baku Fires” (Azərbaycan) və “Astana Arlans” (Qazaxıstan) komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib.

Görüşün supervayzeri Abdullah Bessalim bildirib ki, sabah azarkeşlər maraqlı döyüş izləyəcəklər. Onun sözlərinə görə, ilk görüş yüksək səviyyədə keçdiyindən cavab oyunu da gərgin mübarizəyə səhnə olacaq. “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev döyüşün Qubada keçirilməsini üstünlük sayır: “Burada azarkeşlər daima bizə dəstək olur. İnanırıq ki, sabah da anşlaq olacaq. Əlavə görüşün keçirilməsinə gəlincə, 6-cı görüş olsa, deməli baş tutacaq”. Komandamızın baş məşqçisi Nuripaşa Talıbov hər şeyin boksçulardan asılı olduğunu deyib. O yetirmələrinə inandığını söyləyib: “Təbii ki, onların hər birindən qələbə gözləyirik. Həmkarımın guya ilk döyüşdə hakimlərin bizim xeyrimizə səhv etməsi fikrinə gəlincə, dərinliyı getsək, hər görüşdə anlaşmazlıq olur. Bizim da hakimlərdən narazı qaldığımız məqamlar var. Ancaq Qairbek Qermaxanov tam qaydalar çərçivəsində rəqibini məğlub etmişdi”.

Rəqibin baş məşqçisi Sergey Korçinski cavab qarşılaşmasını həlledici olduğunu vurğulayıb: “Şanslarımız 50-nin 50-yədir. Sabah hər komandanın boksçuları həm kluba, həm də ölkəsinə xeyir gətirə bilər”. O, heyətdə 3 boksçunun son anda dəyişməsinə də münasibət bildirib: “Biz burada şahmat oynamırıq. Dəyişikliklər olur. Çünki ilkin ərizəni 10 gün öncə sifariş edirik. Amma kimsə zədələnə, anası xəstələnə bilər”. İlk qarşılaşma 3:2 hesabı ilə başa çatdığından cavab görüşündə də eyni hesab qeydə alınacağı halda əlavə döyüşə ehtiyac olacaq. Bu çəkilərdə “Baku Fires”i Teymur Məmmədov, rəqibi Adilbek Niyazimbetov təmsil edəcək. Niyazimbetov bildirib ki, həlledici qarşılaşmaya hazırdır: “Əlavə döyüş olsa buna tam hazıram. Komandamız güclüdür və özümə də inamım yüksəkdir”. Məmmədov isə “Baku Fires”in finala çıxacağına inandığını deyib: “Ciddi hazırlaşmışam. Çalışacağam ki, komandamız finala çıxsın”.

Xəbər 929 dəfə oxundu.