Bakı hokkeyçiləri vahid lider oldular
Cümə axşamı günü qadın otüstü hokkeyçilər arasında əvvəlki turdan təxirə salınan bir oyun keçirilib. Paytaxtın “Atasport-2” və “Bakı” komandalarının qarşılaşması birincilərin böyük üstünlüyü ilə başa çatıb. İlk hissədə Gülüm Rüstəmova və Ceyhunə Məhərrəmovanın vurduqları qollar sayəsində “Atasport-2” fasiləyə üstün durumda yollanıb. İkinci hissədə güman etmək olardı ki, “Bakı” klubunun hokkeyçiləri məğlubiyyətdən yaxa qurtarmaq üçün var qüvvələrini sərf edəcəklər. Amma bütün mülahizələr alt-üst olub. “Atasport”un oyunçularından Angelina Martınova, Gülüm Rüstəmova və Darya Melnikova daha 3 qol sevinci yaşamaqla komandalarının 5:2 hesablı qələbəsini təmin ediblər. “Bakı” hokkeyçilərindən isə cavab qollarının müəllifi Rəna Mehdiyeva olub.

Bu qələbədən sonra 3 görüşdən 9 xal toplayan “Atasport-2” vahid liderliyə yüksəlib. “Samur”(Qusar) 6 xalla II yerdədir. 3-cü pillədə qərarlaşan “Bakı” klubunun 3 xalı var. Sonuncu-4-cü yeri tutan “Sumqayıt” komandası hələlik xal toplaya bilməyib.

Qadın otüstü hokkeyçilər arasında növbəti-IV turun oyunları mayın 4-də keçiriləcək. Həmin gün saat 15.00-da “Sumqayıt”-“Atasport-2”, 16.30-da isə “Samur”- “Bakı” matçı start götürəcək.

Xəbər 2345 dəfə oxundu.