Faiq Qarayev keçmiş klubuna qayıtdı

“Azərreyl” klubunun heyəti dəqiqləşib. “Dəmiryolçular” yeni mövsüm üçün 14 voleybolçu sifariş ediblər. Bunlar Oksana Parxomenko, Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova, Oksana Kiselyova, Dərya Zamanova, Odina Əliyeva, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Paulino De Souza Pereyra (Braziliya), Nutsara Tomkom (Tailand), Hizer Erin Brun, Tamas Cenefferlə (hər ikisi ABŞ), Oksana Kovalçuk (Belarus) və Sara Anzanellodur (İtaliya).
Heyətə baxdıqda “Azərreyl”də yenidən milli komandanın 8 üzvü cəmləşib. Yığmamızın aparıcı voleybolçularından Natalya Məmmədova (“Rabitə”), Kseniya Kovalenko (“Kariparma”) və Yelena Parxomenko (“Lokomotiv”) bu klubda çıxış etməsələr də, “dəmiryolçular” Azərbaycan Super Liqasında ən güclü yerli voleybolçuları heyətə qatmağı bacarıb.
Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqasında da məhz bu 14 oyunçunun adını iştirak ərizəsinə daxil edib.
Bu arada “dəmiryolçular”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu, əvvəllər “Azərreyl”in sükanında uğurlu yol qət etmiş Faiq Qarayevdir. Təcrübəli mütəxəssis 2 illik fasilədən sonra paytaxt təmsilçisinin başına keçib.
“Azərreyl” isə Qarayevin gedişindən sonra 2 dəfə “Çelenc Cup” və 1 dəfə CEV kubokunda qüvvəsini sınayıb. Komanda “Çelenc Cup”ın son qalibidir. O, buna Qarayevin əvəzlədiyi gənc mütəxəssis Vüqar Əliyevin rəhbərliyi ilə nail olub.

Xəbər 1278 dəfə oxundu.