“Baku-Oxford School” – yeni səmti müəyyən edənlər
Bu gün Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən “Baku-Oxford School”da bu idman növünün Azərbaycanda tanınmasına istiqamətləndirilmiş proqramı çərçivəsində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz!” adlı təqdimat keçirilib. İdman.com.az saytı xəbər verir ki, təqmibən yüzə yaxın şagirdin qatıldığı tədbiri giriş sözü ilə açan federasiya prezidenti Mirəli Kazımov, ölkəmizdə aparılan idman siyasəti, dövlət tərəfindən bütün idman sahələrinə olduğu kimi səmti müəyyən etmə idmanına göstərilən dəstək, bu idman növünün hazırki vəziyyəti, əldə edilmiş uğurları, inkişaf yolu və müasir dövrdəki vəziyyəti barədə danışıb.

Sonra səmti müəyyən etmə haqqında qısa videoçarx təqdim edilib və şagirdlərin geniş marağına səbəb olub. Videoçarxdan sonra çıxış edən federasiyanın üzvü Ülkər Həmdullayeva bu idman növü barədə geniş məlumatı özündə əks etdirən təqdimatı şagirdlərin diqqətinə çatdırıb.

Eləcə də tədbirdə çıxış edən federasiyanın fəxri üzvü, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko şagirdlərə səmti müəyyən etmə idman növünün əsasları haqqında, bu idman növü ilə məşqul olmaq üçün hansı bacarıqların olmasının zəruriliyi barədə məlumat vermiş və hər kəsi bu idman ilə məşqul olmağa dəvət edib. Sonda federasiya rəsmiləri səmti müəyyən etmə idmanı barədə şagirdlərin suallarını cavablandırıblar.

Onu da qeyd edək ki, federasiya tərəfindən yaxın günlərdə eyniadlı təqdimatın Şəmkir rayonunda yerləşən “Baku-Oxford School in Shamkir”də təşkil edilməsi və eləcə də şagirdlər üçün “Velopark” ərazisində praktiki treninqlərin keçirilməsi planlaşdırılıb.

Xəbər 2380 dəfə oxundu.