“Atasport” hokkeyçiləri birinci dövrənin qalibi oldular
XIII ölkə çempionatının yüksək dəstədəsində yarışan kişi otüstü hokkey klubları birinci dövrəyə bu gün yekun vurdular. VI tur çərçivəsində keçirilən ilk oyunda Bakı və Sumqayıt şəhərlərinin“Atasport” komandaları qarşılaşıb. Paytaxt təmsilçiləri həmin görüşdə liderə məxsus hokkey nümayiş etdirərək 6:0 hesabı qələbə qazanıblar. Topları rəqb komandanın qapısından Əli Şahbaz(3) , Nəsir Şahzad(2) və Aqil Məmmədov keçiriblər.

Turun gərgin və prinsipial matçı isə Qusarın “Şahdağ” və ölkə çempionu “Akkord” komandaları arasında baş tutub. Görüşün ilk dəqiqələrində Qusar hokkeyçisi Rövşən Şıxəliyev hesabı açdıqdan sonra Əli Vəliyevin vurduğu 2 qol sayəsində “Akkord” hesabda irəli çıxıb. Rəqiblər elə bu hesabla da fasiləyə yollanıblar. İkinci hissədə Baba Səfərov şirkət təmsilçilərini 3:2 hesabı ilə irəli çıxarıb. Bundan sonra “Şahdağ”ın kapitanı Fətulla Rzaxanov hesab arasındakı fərqi minimuma endirib.Qusarlıların bundan artığına gücləri çatmayıb. Əvəzində Saleh Balamiyev çempionun 4-cü topunu qapıdan keçirib və “Akkord”un 4:2 hesablı qələbəsini rəsmləşdirib.

Beləliklə, “Atasport”(Bakı) 6 oyundan 16 xal toplayaraq birinci dövrəni lider kimi başa vurub.. “Akkord” 11 xalla II pillədə qərarlaşıb. Aktivində 5 xalı olan “Atasport”(Sumqayıt) 3-cü yerdədir. “Şahdağ” klubu isə keçirdiyi 6 oyundan cəmi 1 xal toplayaraq sonuncu-dördüncü yerdədir.

Çempionatın oyunlarını başa çatdıran “Atasport” və “Akkord” klubları istirahət edə bilməyəcəklər. Hər 2 təmsilçimiz 6-9 iyun tarixində Avropa Çempionlar Kuboku uğrunda turnirə hazırlaşacaq. “Atasport” İtaliyada “Trofi”, “Akkord” isə Çexiyada “Çelenc I” yarışlarında mübarizə aparacaq.

Xəbər 2174 dəfə oxundu.