Gənc güləşçilərimiz hünərlərini göstərdilər

Noyabrın 17-18-də “Sərhədçi” Olimpiya-İdman Mərkəzində gənc güləşçilər arasında “Hünər meydanı” respublika seçim turniri keçirilib. 8 çəki dərəcəsində təşkil olunmuş mübarizədə 131 sərbəst güləşçi və 113 yunan-Roma güləşçisi iştirak edib. Bəzi çəkilərdə Rusiya pəhləvanları da qüvvəsini sınayıb. Yarışda ilk 3 yer tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Turnirin qalib və mükafatçıları hər 2 yığma komandaların heyətinə cəlb ediliblər.
Rəqabətin ilk günündə açılış mərasimi keçirilib.Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə güləş məktəbinin ənənələrindən söz açıblar.
Natiqlər son dövrlərdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışını qeyd edib və bu işdə dövlətin idmana qayğısını xüsusi vurğulayıblar. Onlar ölkəmizdə idmanın, o cümlədən, güləşin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd olunub ki, pəhləvanlarımız 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 7 lisenziyanı artıq təmin ediblər. Hazırda bir qrup gənc güləşçi əsas milli komanda ilə hazırlıq keçir. Olimpiya oyunlarından əlavə, gələn bu turnirin qaliblərini Avropa, dünya çempionatları və dünya kuboku yarışları kimi mötəbər yarışlar gözləyir.
2 gün davam etmiş mübarizədə qalib adını bu pəhləvanlar qazanıblar:
Sərbəst güləş: Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Kənan Quliyev (60 kq), Elçin Məmmədov (66 kq), Elcan Usubzadə (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq; Rusiya), Baday Məhəmmədov (96 kq; Rusiya), Əli Məhəmməddabirov (120 kq).
Yunan-Roma güləşi: Əli Məmmədov (50 kq), Elman Muxtarov (55 kq), Nurlan Əsgərov (60 kq), Ceyhun Əliyev (66 kq), Toğrul Yunisli (74 kq), Fuad Əliyev (84 kq), Hacımurad Çopsiyev (96 kq), Zaur Mehrəliyev (120 kq).

Xəbər 1157 dəfə oxundu.