“Shamkir Chess 2014” turniri davam edir
“Məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” beynəlxalq turniri Azərbaycan şahmatının inkişafına böyük töhfədir. Yüksək səviyyədə keçirilən yarışın ənənəvi hal alması hər birimizin arzusudur”.

Bu fikirləri “Shamkir Chess 2014” beynəlxalq turnirinin rəsmi saytında oyunları Azərbaycan dilində şərh edən Əməkdar Məşqçi Anar Allahverdiyev söyləmişdir.

V.Həşimovun da məşqçisi olmuş A.Allahverdiyev demişdir ki, bu yarışın təşkili Vüqar Həşimov kimi yeni şahmatçıların üzə çıxması, eyni zamanda gənclərin şahmatla daha fəal məşğul olmaları üçün geniş imkanlar açacaqdır.

Əməkdar Məşqçi oyunlarla bağlı bildirmişdir ki, “A” qrupunda gərgin mübarizə gedir. Maqnus Karlsen 4,5 xalla liderdir. İkinci yerdə gözəl oyun nümayiş etdirən Teymur Rəcəbovun 4 xalı vardır. Son turnirlərdə Teymur o qədər inamlı görünməsə də, “Shamkir Chess 2014” turnirində yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğunu sübut edir. Fikrimcə ilk yer uğrunda mübarizə Maqnusla Teymur arasında gedəcəkdir. Son turda T.Rəcəbov ağ fiqurlarla Karlsenə qarşı oynayacaqdır. Məhz son turda hər şey həll oluna bilər. Bu mənada bizi qarşıda maraqlı mübarizə gözləyir.
A.Allahverdiyevin sözlərinə görə, digər şahmatçıların da qələbə şansı vardır. Şahmatçı Şəhriyar Məmmədyarovun son uğursuzluğunu iddiaçılar turniri ilə əlaqələndirən idman şərhçisi demişdir ki, idmançımız dincəlmədən “Shamkir Chess 2014”-də mübarizəyə qoşulmuşdur. Bu yorğunluq ona istədiyi oyunu göstərməyə imkan vermir.

“B” qrupunda da yüksək səviyyəli şahmatçılar toplaşıblar. Etyen Bakro və Van Xao kimi şahmatçılar hətta “A” qrupunda yarışmağa layiqdirlər. Burada qənaətbəxş oyun nümayiş etdirən Qədir Hüseynov 7 oyundan 4 xal toplamışdır. Onun mükafatçılar sırasına düşmək şansı çoxdur. Hətta qalib də gələ bilər. Turnirin ən gənc iştirakçısı Nicat Abbasov haqqında da xoş sözlər demək olar. Əmsalına görə sonuncu olan Nicatın 3 xalı vardır. Liderlərə qarşı inamlı təsir bağışlayan Nicatın perfomansı onun gələcəkdə Azərbaycanın güclü şahmatçılarından birinə çevriləcəyinə inam yaradır.

Xəbər 942 dəfə oxundu.