Milli komandamız Avropa çempionatına hazırdır
Böyüklərdən ibarət Azərbaycan milli komandası 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatına son hazırlığı başa vurub. “Şəfa” İdman Sağlamlıq mərkəzində federasiyanın yeni zalında bir həftəlik təlim-məşqlərin axırıncı günü idmançılar qısa məşq proqramı ilə kifayətləniblər. Mİlli komandanın yeganə itkisi, dünya karatesinin liderlərindən Rəfael Ağayevin (-75 kq) ötən günlərdə dizindən əməliyyat olunduğundan onun yarışa qatıla bilməməsidir. Məşqçilər heyəti onu tanınmış idmançılarımızdan Rafiz Həsənovla əvəz edib.

Digər idmançılarımızdan Məcid Əmirov (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva fərdi kumitedə, Asiman Qurbanlı və Tural Ağalarzadə komanda kumite yarışının heyətində, Tural Balcanlı isə fərdi kata çıxışında iştirak edəcək. Finlandiyada qitə çempionatı ilə bağlı digər bir məqam isə ilk dəfə qadın komanda yarışlarına qatılmağımızdır. Bundan başqa Avropa çempionatı əvvəlki yarışlardan fərqli olaraq federasiya və baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən gücləndirilimiş media dəstək vasitəsi ilə ictimaiyyətə çatdılrılacaq.

Təlim-məşq toplanışı başa çatdıqdan sonra federasiyanın zalında rəhbərliklə milli komanda üzvlərinin birgə yığıncağı keçirilib. İdmançılara uğurlar arzulayan federasiyanın prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov yarışın favoritlərindən biri kimi onlardan yüksək nəticələr gözlənildiyini söyləyiblər. Milli komandaların baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov, onun köməkçisi Rəşad Hüseynov və kata üzrə böyük məşqçi Vahid Ayvazov hazırlıqlardan razı qaldıqlarını və komandanın yüksək əhval ruhiyyədə olduğunu bildiriblər. Milli komandanın kapitanı Şahin Atamov diqqət və qayğıya görə idmançılar adından federasiya rəhbərliyi və baş sponsor ABB-yə minnətdarlıq bildirərək ümidləri doğrultmağa çalışacaqlarını deyib.

Finlandiyada növbəti Avropa çempionatında federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev başda olmaqla daha 4 beynəlxalq dərəcəli hakimimiz - Yusif Məmmədov, Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vüqar Kərimov iştirak edəcəklər. Qitə çempionatına aprelin 29-da yola düşən milli komandamız mayın 6-da Bakıya dönəcək.

Xəbər 1165 dəfə oxundu.