Balaca Nurtəkinin daha bir qələbəsi
Qəbələdə bu kiçik qızcığazı tanımayan az tapılar. İstər yaşadığı Vəndam qəsəbəsində, istər qonşu İsmayıllı və digər rayonlarda, eləcə də dəfələrlə paytaxtımızda, Rusiyanın bir sıra şəhərlərində yarışlarda iştirak etmiş bu balaca idmançı həmişə də uğurlu çıxışlarla istər onunla məşğul olan müəllimlərini, istərsə də valideynlərini, qohum-əqrabalarını, soydaşlarını sevindirib.
6 yaşından karate ilə məşğul olan Nurtəkin həmişə qalib olmağı sanki qarşısına məqsəd qoyub. Əvvəllər atası Bayram, anası Xuraman xanım bu cılız uşağın müəyyən vaxtdan sonra yəqin ki, bu idmandan əl çəkəcəyini düşünürdülərsə də, artıq səhv etdiklərini fikirləşir, ona mane olmaq yox, əslində onunla qürur duyduqlarını fəxrlə söyləyirlər. Çox yaxşı haldır ki, idmanla mütəmadi məşğul olan Nurtəkinin dərs göstəriciləri də müəllimləri və valideynlərini qane edir. Balaca idmançımız hər şeyi vaxtında etməyi bacarır. Nurtəkin dəfələrlə respublika birinciliklərində və çempionatlarda yüksək nəticələr əldə edərək rayonu ləyaqətlə təmsil edib. Nurtəkin Məhəmmədli Azərbaycan milli yığma komandasının üzvüdür. Dünya kuboku yarışlarının qalibidir.
Bu yaxınlarda Nurtəkin Məhəmmədli Ukraynada keçirilən sindo-ryu karate do idman növünün Pencak-Silat növü üzrə dünya kuboku yarışlarında yüksək nəticə əldə edərək respublikamızın idman şərəfini layiqincə qoruyub. 12 yaşlı idmançımız gərgin döyüşlər keçirərək I yerə layiq görülüb, medal və diplomla təltif edilib. Balaca idmançımızı bu böyük uğuru münasibətilə ürəkdən təbrik edir, idman aləmində həmişə öz yerini, nüfuzunu belə uğurla qoruması üçün daha böyük qüvvə, can sağlığı, heç vaxt tükənməyən cəsarət arzulayııqıq.

Elmira Musaqızı

Xəbər 1456 dəfə oxundu.