Voleybolçularımız İstanbul turnirinə ümidlərini saxlayırlar

Noyabrın 8-də Bakı idman sarayında qadın voleybolçuların Londona lisenziyası uğrunda turnirdə iştirak etmək üçün seçmə yarışlarına startı verildi. Gələn il İstanbulda keçiriləcək olimpiya turnirində Londona yeganə vəsiqəyə sahib çıxmaq niyyətində olanlar arasına qatılmaq üçün Bakı turnirində qalib gəlmək lazım idi. Meydan sahibləri Azərbaycan yığması turnir ərəfəsində heyətlə bağlı problemlər yaşamaqda idi. Belə ki, komandamızın aparıcı oyunçularından Natalya Məmmədova və Yelena Parxomenko zədə səbəbindən rəfiqələrinə kömək edə bilmədilər.Turnirin qaydalarına görə hərəsində 3 komanda olmaqla iki qrupda gedən mübarizənin sonrakı mərhələsinə ilk iki yeri tutanlar çıxırdı. Yığmamızın qrup rəqibləri Bolqarıstan və Danimarka milliləri idi. O biri üçlükdə isə Çexiya, Ukrayna və Macarıstan voleybolçuları mübarizə aparırdılar. Komandamızın yarışdığı qrupda ilk oyun Bolqarıstan və Danimarka komandaları arasında oldu. Görüş 3:0 (25:12, 25:12, 25:16) hesabı ilə Bolqarıstan voleybolçularının qələbəsi ilə başa çatdı.
O biri qrupda (A) Macarıstan və Ukrayna yığmaları arasındakı mübahisə ikincilərin qələbəsi ilə nəticələndi - 3:1 (23:25, 25:15, 25:19, 25, 25:23).
Ertəsi gün meydan sahibləri ilk oyunlarında qrupun lideri Bolqarıstan yığması ilə qarşılaşdılar. Qonaqların hesabında artıq Danimarka millisi üzərində qazanılmış bir qələbə var idi. Bolqarıstan komandası voleybolçularımızı özlərinin əsas rəqibi sayırdılar. Onlar ən güclü oyunçularını ilk oyuna buraxmamış, Azərbaycan komandası üçün saxlamışdılar.
Oyunun ilk seti komandamızın üstünlüyü ilə başladı. Hər iki texniki fasiləyə qızlarımız üstün durumda yollandılar. Qızlar bu oyun ahəngini set sonuna kimi saxladılar – 25:18. Onlar İkinci setin əvvəlini də yaxşı başlamışdılar. Əvvəlcə 3:0 irəlidə idik, amma ilk texniki fasiləyə 4:8 hesablı mənfi saldo ilə yollandıq. İkinci texniki fasilədə də vəziyyət dəyişmədi. İkinci set bolqarların qələbəsi ilə başa çatdı- 25:19.
Üçüncü setdə qızlarımız təşəbbüsü ələ ala bildilər. Odina Əliyevanın uğurlu serverləri komandamıza çox kömək etdi və qələbə bizim oldu – 25:19.Dördüncü setin əvvəlində Faiq Qarayevin yetirmələri elə bir sıçrayış etdilər ki, (6:1) onları saxlamağın mümkün olacağı ağıla gəlməzdi. Amma qonaqlar tədricən hesabı nəinki bərabərləşdirdilər, hətta irəli çıxmağı da bacardılar -16:15. Onlardan Straşimira Filippova daha çox fərqlənirdi. Bu setdə də rəqiblərimiz qonaqlar qalib gəlməklə ümumi hesabı bərabərləşdirdilər – 2:2. Tay-brekdə Bolqarıstan komandası 15:7 hesabı ilə qalib gələrək, yarımfinalda oynamaq haqqı qazandı. «A» qrupunda isə Çexiya Macarıstanı 3:0 hesabı ilə məğlub etdi.
.Komandamız ikinci qrup oyununda Danimarka yığmasına 3:0 hesabı ilə qalib gələrək, mübarizəni yarımfinalda davam etdirmək haqqı qazandı. Qonşu qrupun Çexiya-Ukrayna qarşılaşması, çexlərin maksimum hesablı qələbəsi ilə yekunlaşdı. Beləliklə, yarımfinalda komandamız çexlərlə, ukraynalılar isə macarlarla qarşılaşdı. Meydan sahibləri finala vəsiqə oyununu 3:1 (25:16,19:25, 25:16, 25:23) hesablı qələbə ilə başa vurdular. İkinci yarımfinalda bolqarlar eyni hesabla Ukrayna voleybolçularını məğlub etdilər.
Final oyununda qarşılaşan Azərbaycan və Bolqarıstan komandaları bu turnirdə artıq ikinci dəfə idi ki, üz-üzə gəlirdilər. Qrup yarışında Bolqarıstanı voleybolçuları komandamızı 3:2 hesabı ilə məğlub etmişdilər.
Fİnalın İlk setindən məlum oldu ki, bolqarlar rəqibə əvəz çıxmaq şansını verməyəcəklər. Set 25:12 hesabı ilə qonaq komandanın qələbəsi lə başa çatdı. Amma F.Qarayevin yetirmələri sonradan set bərabərliyini təmin edə bildilər -1:1. Üçüncü hissə yenə qonaq komandanın qələbəsi ilə başa çatdı -25:18. Azərbaycan millisi dördüncü setdə yenidən qalib gəlməklə (25:15) oyunun taleyini tay-brekə həvalə etdi. Burada isə bolqar qızları daha şanslı oldular 15:9.
Bununla da gələn ilin mayında İstanbulda lisenziya turnirində iştirak etmək haqqına Bolqarıstan komandası sahib oldu.
Qeyd edə ki, olimpiya lisenziyası uğrunda turnirdə iştirak etmək uğrunda seçmə yarışlar 3 qrupda keçirilib. Əvvəlki 2 qrupun oyunları Kalininqrada (Rusiya) və Poreçdə (Xorvatiya) olub.
Kalininqradda Rusiya, Belçika, Slovakiya, Rumıniya, İspaniya və Avstriya mililəri yarışıblar və buradan İstanbul vəsiqəsini Rusiya komandası alıb.
Xorvatiyada Hollandiya, Yunanıstan, İsrayıl, Xorvatia, Finlyandiya və İsveç yığmaları mübarizə aparıblar. Vəsiqə meydan sahiblərinin olub.
Voleybolçu qadınlarımızın öz meydançalarında İstanbula vəsiqə qazana bilməməsi, hələ bütün şansların itirilməsi demək deyil. İndi hər şey noyabrın 18-də Yaponiyada başa çatacaq dünya kubokunun nəticələrindən asılı olacaq. Yaponiyada Londona 3 vəsiqə uğrunda mübarizə gedir. İstanbulda çıxış etmək haqqını Almaniya, Serbiya, İtaliya, Türkiyə, Polşa milliləri bir qədər əvvəl qazanıblar. Almaniya, Serbiya və İtaliya bu günlər Yaponiyada çıxış edirlər və əgər bu komandalar məqsədlərinə nail olsalar, deməli, onların Türkiyəyə getməyə ehtiyacları qalmır. Tokioda Avropa komandalarından lisenziya alanların sayı nə qədər çox olarsa, bizim də mayda İstanbula getmək şansımız bir o qədər artar.

Ə.FƏRƏCOV

Xəbər 1024 dəfə oxundu.